Paşinyanın “son döyüşü”: Parlament seçkilərndə müxalifətə qalib gələ biləcəkmi?
Ermənistanın siyasi səhnəsində 2026-cı il parlament seçkiləri sıradan bir seçki prosesi kimi deyil, ölkənin gələcək geosiyasi yönümünü müəyyənləşdirəcək dönüş nöqtəsi kimi qiymətləndirilir. Baş nazir Nikol Paşinyanın “parlamenti xarici təsir agentlərindən azad etmək imkanı” kimi səciyyələndirdiyi bu seçkilər, əslində, ölkədə uzun illərdir mövcud olan kənar təsir mərkəzləri – Rusiya, Fransa diasporu və digər xarici güclərə bağlı siyasi qruplar arasında gedən mübarizənin yeni mərhələsidir. Paşinyanın prosesə bu cür yanaşması Ermənistanda xarici təsir dairələrinin real miqyasını, onların daxili siyasətə nüfuz imkanlarını və dövlət institutları üzərində formalaşdırdıqları təsiri bir daha gündəmə gətirir. Elə buna görə də qarşıdakı seçkilər həm hakimiyyət üçün ciddi sınaq, həm də ölkənin gələcək siyasi arxitekturasının müəyyənləşdirilməsi baxımından kritik əhəmiyyət daşıyır. Seçkidən sonra bu təsir mərkəzlərinin zəifləyib-zəifləməyəcəyi isə həm siyasi iradədən, həm də Ermənistan cəmiyyətinin hansı istiqaməti seçəcəyindən asılı olacaq.
Mövzu ilə bağlı professor, siyasi elmlər doktoru Sabir Məmmədli Crossmedia.az-a açıqlama verib:
"Hazırda Ermənistanda bir neçə xarici təsir qrupu və agentura şəbəkəsi fəaliyyət göstərir. Onların içində ən güclüsü Rusiya ilə bağlı olan təsir dairələridir. Rusiyanın Ermənistanda geniş imkanlara malik olması təsadüfi deyil. Ölkədə Rusiyanın 102-ci hərbi bazası fəaliyyət göstərir, həmçinin Rusiya–Ermənistan birgə hərbi komanda mərkəzi mövcuddur. Bundan başqa, müxtəlif bölgələrdə Rusiyanın kiçik hərbi kontingentləri yerləşdirilib. Hərçənd rəsmi səviyyədə daha çox 102-ci baza vurğulansa da, ümumi mənzərə Rusiyanın Ermənistanda hərbi baxımdan ciddi dayaqlara malik olduğunu göstərir. Rusiya həm də Ermənistan iqtisadiyyatına güclü şəkildə nüfuz edib. Ermənistanın dəmir yolu şirkəti, Metsamor Atom Elektrik Stansiyasının avadanlıq və yanacaq təminatı, təbii qazın ucuz qiymətlərlə tədarükü və digər iqtisadi sahələr birbaşa Rusiyadan asılı vəziyyətdədir. Eyni zamanda, Ermənistan əhalisinin yaşlı nəsli arasında da Rusiyaya meyillilik yüksəkdir. Rusiyada böyük erməni diasporasının mövcudluğu Moskvanın təsir imkanlarını daha da artırır. Bununla yanaşı, Ermənistanda Qərb və xüsusilə Fransa mərkəzli erməni diasporasının maraqlarını təmsil edən başqa bir təsir qrupu da var. Bu qrup Rusiyaya yaxın qüvvələrdən fərqlənir və daha çox Fransada fəaliyyət göstərən erməni diaspora təşkilatlarının siyasi sifarişlərini yerinə yetirir. Bu dairələrin uzun müddət Nikol Paşinyanla münasibətləri gərgin olub. Hətta Fransa Prezidenti Emmanuel Makron onların münasibətlərini yumşaltmağa çalışsa da, Paşinyana qarşı narazılıq tam aradan qaldırılmayıb. Bu diasporanın təsiri həm siyasi sahədə, həm də dini xətt üzrə – qriqorian kilsəsi vasitəsilə həyata keçirilir. Bu, çox ciddi təsir mexanizmidir".
Müsahibimiz qeyd edib ki, Ermənistanda qərbyönlü qüvvələr də mövcuddur və onlar əsasən Paşinyanla əməkdaşlıq edir: "Paşinyan özü də Qərbə inteqrasiya xəttini davam etdirməyə çalışır. 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri yaxınlaşdığı üçün o, həm xarici təsir dairələrini, həm də daxili müxalif qüvvələri neytrallaşdırmağa cəhd edir. Məhz buna görə keçmiş prezidentləri – Rusiya ilə sıx əlaqələri olan şəxsləri – siyasi proseslərdən uzaqlaşdırmağa çalışır. Son dövrlər Paşinyanın siyasi davranışında daha kəskin addımlar müşahidə olunur. Xüsusilə Ermənistan kilsəsinə qarşı sərt şəkildə hücuma keçməsi diqqət çəkir. Kilsə rəsmi olaraq dövlətdən ayrı olsa da, tarixi olaraq siyasi proseslərə daim müdaxilə edib və ölkədə ciddi ictimai-siyasi güc mərkəzi olub. Paşinyan arxiyepiskopların qanunsuz və etik qaydalara zidd fəaliyyətlərini ifşa etməyə çalışır, Katalikosun üzərinə təzyiqi artırır. Bu addımlar həm daxili siyasi mübarizənin tərkib hissəsidir, həm də kifayət qədər risklidir. Çünki seçkilərə hələ yarımdan çox vaxt qalır və bu müddətdə kilsənin müqaviməti güclənə bilər".
Ekspert son olaraq qeyd edib ki, Paşinyanın irəli sürdüyü ittihamlar – kilsə nümayəndələrinin xaricdə maliyyə resurslarına sahib olması, etik pozuntulara yol verməsi və s. – hər nə qədər ictimai rezonans yaratsa da, Ermənistanda kilsənin nüfuzu hələ də ciddi faktordur: "Buna görə də qarşıdakı müddətdə proseslərin necə inkişaf edəcəyi Paşinyanın siyasi hədəflərinə çatıb-çata bilməyəcəyini müəyyən edəcək. Hazırkı vəziyyət göstərir ki, bu proses çətin və gərgin keçəcək".
Ayhan
23:29 14.11.2025
Oxunuş sayı: 1395