Deputat VI İslam Həmrəyliyi Oyunlarından danışdı: Təşkilatçılıq yüksək səviyyədədir
İslam dünyası tarix boyu zəngin mədəniyyət, dərin mənəvi dəyərlər və qardaşlıq ənənələri ilə seçilmişdir. Bu dəyərlərin müasir dövrdə yaşadılması və gənc nəsillərə ötürülməsi yalnız təhsil və mədəniyyət vasitəsilə deyil, həm də idman platformaları üzərindən həyata keçirilə bilər. İdman, məhz bu baxımdan, xalqlar arasında anlaşma, həmrəylik və dostluğun universal dilini təqdim edən güclü vasitədir. Beynəlxalq yarışlar, ölkələr və fərqli mədəniyyətlər arasında qarşılıqlı hörmət və əməkdaşlıq körpüsü rolunu oynayır, eyni zamanda sülh və ədalətli rəqabət dəyərlərini təbliğ edir.
İslam Həmrəyliyi Oyunları isə məhz bu missiyanı daşıyan, İslam ölkələrinin idmançılarını bir araya gətirən mühüm beynəlxalq tədbirdir. Hər bir buraxılışında bu oyunlar təkcə idman nailiyyətlərini deyil, həm də İslam dünyasında birlik, inklüzivlik və qarşılıqlı anlaşmanın əhəmiyyətini nümayiş etdirir. Yarışlar həm gənc idmançıların öz bacarıqlarını sərgiləməsi üçün stimul rolunu oynayır, həm də müxtəlif ölkələrin nümayəndələri arasında təcrübə mübadiləsinə imkan yaradır.
Müasir dövrdə belə tədbirlər, xüsusilə də İslam Həmrəyliyi Oyunları, həmrəyliyi yalnız sözlərdə deyil, konkret hərəkətlərdə göstərən platformadır. İdman vasitəsilə müsəlman xalqları arasında qardaşlıq və sülh mesajları yayılır, gənclər üçün nümunəvi liderlik və əməkdaşlıq dəyərləri formalaşdırılır. Eyni zamanda bu oyunlar ölkələrin təşkilatçılıq bacarıqlarını nümayiş etdirməsi, idman infrastrukturunu təkmilləşdirməsi və beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi üçün də önəmli platformadır.
Beləliklə, İslam Həmrəyliyi Oyunları yalnız idman mübarizəsi ilə məhdudlaşmır; onlar İslam dünyasında birgə fəaliyyətin, qarşılıqlı hörmətin və mədəniyyətlərarası dialoqun təbliği üçün mühüm vasitədir. Hər yarış, hər medal, hər iştirakçı bu böyük məqsədin bir parçasıdır və oyunlar çərçivəsində yaradılan platformalar gələcək nəsillərə həmrəyliyin və birlik dəyərlərinin ötürülməsində əvəzsiz rol oynayır.
Əlamətdar tədbirlə bağlı İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva Crossmedia.az-a açıqlama verib: "Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları ötən həftədən start götürüb. Noyabrın 21-nə qədər davam edəcək və 57 İslam ölkəsinin 23 idman növündə iştirakı etdiyi Oyunlar bu dəfə də sülhün və müxtəlifliyin təbliği baxımından əhəmiyyətli platformadır. Burada 3500 idmançı öz bacarığını sınamaqdadır. Yarışlar dörd məkan klasteri üzrə keçirilir. 57 ölkənin nümayəndə heyəti üzvlərini Atletlər Kəndində Xüsusi Qarşılama Mərasimi keçirildi, mərasimdə mən də çıxış etdim. Azərbaycan idmançıları mötəbər yarışda uğurlu çıxışlarını davam etdirirlər. Qeyd edim ki, Azərbaycan komandası bu Oyunlarda 20 idman növündə 169 atletlə mübarizə aparır. Ölkəmiz ən çox idmançı ilə güləş (18), həndbol (16) və qılıncoynatma (15) növlərində təmsil olunur. Bundan əlavə, futzal, cüdo, voleybol və üzgüçülük komandalarımız da geniş heyətlə yarışlarda mübarizə aparacaq. Azərbaycan 34 mükafatla (5 qızıl, 11 gümüş, 18 bürünc) medal sıralamasında 7-ci pillədə qərarlaşıb. Ötən gün boks üzrə yarışan Azərbaycan idmançılarını izlədim, onlarda yüksək nəticə əldə etdilər. Qeyd edim ki, idmançılar və tamaşaçılar üçün çox maraqlı, innovativ formatda bir arena hazırlanmışdı. Bu Oyunlar birgə İslam fəaliyyətinin və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında əməkdaşlığa dəstəyin vacibliyini vurğulayır. İdman sülh, birlik və anlaşmanın təşviqi üçün körpü rolunu oynayır".
O bildirib ki, təşkilatçılıq da yüksək səviyyədədir: "VI İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Atletlər kəndində də idmançıların şəraiti ilə mütəmadi tanış oluruq. Burada xidmət səviyyəsi yüksək standartlara cavab verir. Müxtəlif ölkələrin nümayəndələrindən də müsbət rəylər alırıq. Xatırladım ki, ilk Oyunlar da 2005-ci ildə məhz Səudiyyə Ərəbistanında təşkil olunmuşdu. İyirmi illik fasilədən sonra Səudiyyə Ərəbistanı İslam dünyasının idmançılarını yenidən bir araya gətirib. Oyunlar çərçivəsində müxtəlif müzakirələr də təşkil olunur. Belə ki, İSSA Koordinasiya Komissiyasının sədri kimi, 50-dən çox üzv ölkənin nümayəndə heyətlərinin rəhbərləri ilə bir araya gələrək Oyunların 6-cı buraxılışının uğurlu keçirilməsi üçün əsas təşkilati məsələləri müzakirə etdik. Həmçinin ISSA İcraiyyə Komitəsinin 44-cü iclasında iştirak edərək, həmkarlarımızla birgə məhsuldar fikir mübadiləsi apardıq. Eyni zamanda 5 gün əvvəl 57 ölkənin Milli Olimpiya Komitələrinin prezidentləri, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrinin, beynəlxalq federasiya rəhbərləri və digər qonaqların iştirak etdiyi 14-cü İSSA Baş Assambleyasında da çıxış edərək Koordinasiya Komissiyasının gördüyü işlər barədə auditoriyaya ətraflı məlumat verdim. İki gün əvvəl isə Səudiyyə Ərəbistanının İdman Nazirliyinin "İdmanda qadınlar" mövzusunda təşkil etdiyi konfransda iştirak etdim. Konfransın əsas məqsədi bölgədə idman sahəsində qadınların rolunun gücləndirilməsi, qadın liderliyinin təşviqi və gələcək inkişaf strategiyalarının müəyyənləşdirilməsi idi. Bu platformada idman ekosistemində transformasiya prosesləri, inklüzivlik, gender bərabərliyi və davamlı inkişaf istiqamətləri ətrafında geniş müzakirələr aparıldı".
Deputat, həmçinin İslam Həmrəyliyi Oyunları İslam dünyasında ədalətli rəqabəti təşviq edən, sülh və qardaşlıq dəyərlərini təbliğ edən vacib bir tədbir olduğunu qeyd edib: "Məlum olduğu kimi, 8 il əvvəl 2017-ci il İslam Həmrəylik Oyunlarına ev sahibliyi edən Azərbaycanın yüksək təşkilatçılığı ilə dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajı ünvanlanmışdı. Azərbaycan İslam dünyasına nümunəvi standartlar təqdim etmişdi. Ər-Riyad da Bakı kimi böyük beynəlxalq təşkilatlara ev sahibliyi etmək təcrübəsinə malikdir. Bu mənada VI İslam Həmrəylik Oyunlarının da idman tarixinin ən yaddaqalan yarışlar olacağına və İslam dünyasında həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminəm. Bu oyunlar müsəlman xalqları arasında birlik, inklüzivlik və inkişaf dəyərlərini qeyd edir, idmanın mədəniyyətlər arasında anlaşma körpüsü rolunu gücləndirir".
Elmir Heydərli
13:06 13.11.2025
Oxunuş sayı: 2265