Türkiyəli politoloq təyyarə qəzasından danışdı: "Bu, mümkünsüzdür"
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin həlak olan 20 hərbçisindən 18-nin nəşi tapılıb.
Məlumata görə, digər 2 hərbçinin nəşinin axtarılması istiqamətində işlər davam etdirilir.
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin bütün üzvləri həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib. Bundan başqa Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.
Faciəvi hadisə müəyyən suallar yaradır. Bunun təxribat olması da istisna edilmir.

Türkiyəli politoloq Hüseyn Şeyhanlıoğlu baş verən hadisə barədə fikirlərini Crossmedia.az-la bölüşüb: "Oxşar qəza bir müddət əvvəl də baş vermişdi- Rusiya Azərbaycan sərnişin təyyarəsini vurmuşdu. Türkiyənin Türk dünyasında və Suriyada atdığı addımlardan göründüyü kimi, ABŞ-yə daha yaxın siyasət nümayiş etdirir. Təyyarədə nə daşındığı da bilinmir. Əgər bu məlumat bizdə olsaydı, hadisə ilə bağlı suallara daha dəqiq və əsaslı cavab vermək mümkün olardı. Lakin bu tip təyyarələr çox nadir hallarda qəza edirlər. Həmçinin nəqliyyat vasitəsinin düşmə trayektoriyasından da görünür ki, bu, adi qəza deyil. Dörd mühərrikli bir təyyarənin bütün mühərriklərinin eyni anda dayanması çox çətin, demək olar ki, mümkünsüz haldır. Hətta bu baş versə belə, təyyarənin eniş trayektoriyası tamamilə fərqli olardı".
Fatimə Hacıəliyeva
13:24 12.11.2025
Oxunuş sayı: 1567