Sülhün bir addımlığında: Cənubi Qafqaz yeni mərhələnin başlanğıcında...
Türkiyə və Azərbaycan münasibətləri son illərdə strateji müttəfiqlik səviyyəsinə yüksəlib. İki qardaş ölkə, xüsusilə 2-ci Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni reallıqlar fonunda, həm siyasi, həm də iqtisadi sahələrdə sıx əməkdaşlıq aparır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu istiqamətdə atılan addımları yüksək qiymətləndirərək bildirib ki, Ankara Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanla normallaşma prosesini davam etdirir və bu prosesdə Azərbaycanın milli maraqlarının qorunmasını əsas prioritet hesab edir. Prezidentin sözlərinə görə, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda böyük bərpa və quruculuq işləri həyata keçirilir, Türkiyə isə bu inkişaf prosesinə fəal şəkildə töhfə verir.
Siyasi şərhçi Kənan Novruzov Ərdoğanın səsləndirdiyi fikirlər barədə Crossmedia.az-a açıqlamasında bildirib ki, Türkiyə İkinci Qarabağ müharibəsinin ilk günlərindən etibarən Azərbaycana dəstək verib və bunu Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə rəsmiləri demək olar ki, hər çıxışlarında dilə gətiriblər: "Qarabağ müharibəsinin ilk günündən bu günə qədər Bakı və Ankara koordinasiyalı addımlarını davam etdiriblər. Təbii ki, artıq regionda yeni reallıqlar yaranıb. Avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalardan sonra bölgəyə faktiki olaraq sülh gəlib. İndi gözlənilən odur ki, yekun sülh sazişi imzalansın. Bunun üçün Azərbaycanın iki əsas tələbi var. Birinci tələb-ATƏT-in Minsk qrupunun ləğvi məsələsidir. Artıq demək olar ki, bu məsələ xeyli dərəcədə öz həllini tapıb. İkinci tələb isə Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi və həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların çıxarılmasıdır. Ermənistan özü də başa düşür ki, bu baş vermədikcə sülh sazişi imzalanmayacaq. Düşünürəm ki, rəsmi İrəvan sülh sazişinin imzalanmasında maraqlıdır. Təsadüfi deyil ki, əgər bir vaxtlar Ermənistan iddia edirdisə ki, Konstitusiyada Azərbaycana qarşı ərazi iddiası yoxdur, indi artıq bu barədə heç nə demir. Görünür ki, onlar da Konstitusiyaya dəyişiklik etməyin vacibliyini anlayıblar’’.

Ekspert vurğulayıb ki, Ermənistan hələlik buna gedə bilmir: ‘’Çünki bunun üçün əvvəlcə xalq hazırlanmalıdır. Digər tərəfdən, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. Hazırkı mərhələdə Konstitusiyanın dəyişdirilməsi müxalifətin əlinə oynamaq, ona siyasi üstünlük qazandırmaq demək olar. Paşinyan bunu yaxşı başa düşür və ona görə də indi əsas diqqətini parlament seçkilərinə yönəldib. O, həmin dövrə qədər xalqın ictimai şüurunu dəyişməyə çalışacaq. Əgər Paşinyan parlament seçkilərində qalib gələrsə, ondan sonra Konstitusiya dəyişikliklərinə gediləcək və bunun ardınca sülh sazişinin imzalanması üçün heç bir maneə qalmayacaq. Böyük ehtimalla həmin dövrdə sülh sazişi imzalanacaq. Bu günlərdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da bildirib ki, gələn il sülh sazişinin imzalanması mümkündür. Düşünürəm ki, Ermənistanla bağlı hər hansı fors-major vəziyyət yaranmasa, gələn il sülh sazişi imzalana bilər. Bu da Azərbaycanın regionda əsas güc mərkəzi kimi rolunu daha da möhkəmləndirəcək’’.
Sevinc Yarməmmədova
13:14 10.11.2025
Oxunuş sayı: 1423