Deputat: Şanlı bayrağımız azadlığımızın, müstəqilliyimizin, milli qürurumuzun simvoldur
“Hər bir xalqın varlığını, kimliyini, tarixini və gələcəyə inamını ehtiva edən müqəddəs rəmzləri vardır. Azərbaycan xalqı üçün bu rəmzlərdən ən müqəddəsi, ən ucası üçrəngli dövlət bayrağımızdır. Şanlı bayrağımız azadlığımızın, müstəqilliyimizin, milli qürurumuzun simvoldur. Təbii ki, onu tərif edən ən mükəmməl sözlər məhz Ulu Öndər Heydər Əliyev tərəfindən deyilib. Dahi rəhbərin "Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil.
O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir.
Bu, bizim müstəqil dövlətimizin rəmzidir.
Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı,
xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” fikri hər birimiz üçün silinməz qanundur. Hər bir azərbaycanlı dünyanın hansı nöqtəsində yaşamasından aslı olmayaraq hər il 9 Noyabr Dövlət Bayrağı Gününü böyük coşqu və qürurla qeyd edir”.
Bu fikirləri 9 Noyabr- Dövlət Bayrağı Günü münasibətilə Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavin Günay Ağamalı deyib.
O bildirib ki, Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır: “Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Lakin, taleyin acı hökmü ilə Azərbaycan Xalq Cümhuriyyətinin varlığı çox sürmədi. Cumhuriyyətin 1920 - ci ildə Rusiya tərəfindən işğal edilməsi ilə Azərbaycan imperiyanın tərkibinə daxil edildi. 70 illik müddət ərzində Kreml rəsmiləri sistemli şəkildə repressiyalar, təzyiqlər, propaqandalar həyata keçirsələr də, xalqımızın hürriyyət, müstəqillik və üçrəngli bayrağ sevgisini azalda bilmədilər. Bu ülvi missiyanı yenə də məhz Ümummilli Lider Heydər Əliyev reallaşdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi”.
Parlamentari xatırladıb ki, bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir: “Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bu gün şanlı Azərbaycan Bayrağı bütün beynəlxalq təşkilatlarda, ölkəmizin hər bir güşəsində, hüdudlarında əzəmətlə dalğalanır. Cənab Prezident İlham Əliyevin müdrikliyi sayəsində Azərbaycanın nüfuzu artıqca bayrağımıza olan hörmət və ehtiram da artmaqdadır. Dövlət başçısının qeyd etdiyi kimi, "Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.
12:24 09.11.2025
Oxunuş sayı: 4389