Hindistan yenidən Ermənistanı silahlandırır: Cənubi Qafqazda güc balansı dəyişir?
Hindistan və Ermənistan arasında dörd milyard dollarlıq müdafiə sazişinin imzalanmaq üzrə olması son günlər beynəlxalq və regional gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Bu razılaşma Cənubi Qafqazda hərbi-siyasi balansı dəyişdirə, regiondakı qüvvələr nisbətinə təsir göstərə biləcək qədər ciddi xarakter daşıyır. Ermənistanın son illər Hindistanla hərbi əməkdaşlığı dərinləşdirməsi, xüsusilə silah və texnologiya alqı-satqısı istiqamətində aktiv addımlar atması, onun regional siyasətdə yeni tərəfdaşlar axtardığını göstərir. Lakin bu qədər böyük miqyaslı müdafiə sazişi suallar da doğurur: bu addım Ermənistanı yenidən münaqişə və ya müharibə riski ilə üz-üzə qoya bilərmi? Eyni zamanda, Hindistanın Ermənistan kimi kiçik bir dövlətlə bu qədər böyük hərbi əməkdaşlığa getməkdə məqsədi nədir? Bu məsələlər həm regional təhlükəsizlik, həm də Hindistanın geosiyasi maraqları baxımından ciddi təhlil tələb edir.
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az saytına açıqlama verib: "Hindistanın 30 illik işğal tarixinə malik Ermənistanı silahlandırması mənəviyyatdan kənar bir addımdır. Bu silahlandırma əsasən Azərbaycanın Pakistanla mövcud olan dostluq və müttəfiqlik münasibətlərinə qarşı atılmış bir addım kimi qiymətləndirilir".

Ekspert Hindistanın silah yardımının Ermənistanı məğlubiyyətdən qurtara bilməyəcəyini vurğulayıb: "Hindistanın Ermənistana silah ötürməsi bu ölkəni məğlubiyyət sindromundan xilas edə bilməz. Heç bir halda Hindistan silahları Azərbaycanla mövcud güc balansına təsir göstərə bilməz. Bakıda keçirilməsi planlaşdırılan paradda təqdim olunacaq hərbi texnikanın çeşidinə nəzər yetirdikdə də aydın görünür ki, Ermənistan yaxın onilliklər ərzində bu balansı bərpa etmək imkanına malik deyil. Lakin növbəti silah alışları Ermənistan ordusunu müəyyən qədər cəsarətləndirə bilər ki, bu da sonda onun yenidən kapitulyasiya aktı imzalaması ilə nəticələnə bilər".
Müsahibimiz xatırladıb ki, Vətən müharibəsindən əvvəl də Ermənistanı müxtəlif dövlətlər silahlandırırdı, lakin bu, ona heç bir uğur və xoşbəxtlik gətirmədi: "Hazırda Ermənistan XXI əsrin fərari ordusuna malik, məğlub bir ölkə kimi qalmaqdadır".
Ayhan
22:35 07.11.2025
Oxunuş sayı: 1409