Gürcüstanın Ermənistan-Azərbaycan sülh prosesində neytral vasitəçi kimi iştirak etmək istəyi regional güc balansına necə təsir edə bilər?- Şərh
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda sülhə töhfə verəcək ki, bu da region ölkələrinin siyasi mövqeyinin gücləndirilməsi üçün son dərəcə vacibdir.
Gürcüstan Baş naziri İrakli Kobaxidze "TRT World" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, sazişin imzalanması ölkələrin iqtisadiyyatının yaxşılaşdırılmasına da kömək edəcək.
"Mən bu sülh sazişini son dərəcə vacib hesab edirəm. Son 35 ildə Gürcüstan regionda sülhün təşviqində çox mühüm rol oynayıb və dənizə çıxışı olmayan qonşularımız Ermənistan və Azərbaycan üçün çox önəmli rol oynamağa davam edir. Gürcüstanın bu ölkələrlə iqtisadi tərəfdaşlığı onların iqtisadi inkişafında həlledici rola malikdir. Məhz buna görə də biz iki ölkə arasında sülh sazişinin imzalanmasına çox şadıq.
İndi hər üç ölkədə yüksək iqtisadi artım templəri müşahidə olunur və bu, sülh və üç ölkə arasında çox yaxşı əməkdaşlıq sayəsində mümkün olub. Buna görə də biz eyni ruhda davam etməliyik. Gürcüstanın Cənubi Qafqaz regionunun inkişafı ilə bağlı baxışı belədir", - İ.Kobaxidze qeyd edib.
Azərbaycanın və Ermənistan arasındakı normallaşma prosesinin Cənubi Qafqaza təsiri, həmçinin Gürcüsanın proseslərdəki rolu və perspektivlər barədə Crossmedia.az-a danışan siyasi şərhçi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Nəsibə Mirzəyeva deyib ki, müasir yanaşmalara görə beynəlxalq münasibətlər sistemində münaqişələrin vasitəçilik yolu ilə sonlandırıla biləcəyinə dair bir çox ideyalar mövcuddur: “Soyuq müharibənin başa çatmasıyla vasitəçilik fəaliyyətinin artması, münaqişələrin xüsusiyyətlərinə görə vasitəçilik dinamikasında baş verən əhəmiyyətli dəyişikliklər bu prosesin problemlərin həllinə yönəldilməsinə gətirib çıxarıb. Vasitəçilik üsulundan səmərəli istifadə üçünsə baş verən münaqişənin arealına bütöv portret halında baxmaq lazım gəlir. Geniş konteksdə nəzər saldıqda vasitəçilik üsulu ilə təkcə hərbi əməliyyatları dayandırmaq yetmir, müvafiq siyasi təhlillərin də aparılması lazım olur. Aparılan təhlillər vasitəçiliyin məqsəd və metodlarını formalaşdırmağa, onun effektivliyini artımağa, ən əsası isə münaqişənin həllinin uğurlu yolunu tapmağa kömək edir. Buradan belə qənaətə gəlmək olar ki, vasitəçilik prosesində iştirak edən aktorların rollarının müəyyənləşdirilməsi, başqa sözlə ifadə etsək rolların sistemləşdirilməsi münaqişənin həllində açar rolundadır. Vasitəçilik prosesində iştirak edən tərəflərin rolunun müəyyənləşdirilməsi məsələsinə diqqət çəkən ilk tədqiqatçılardan Chris Mitchell öz konsepsiyasında tərəflərin rollarının sülh prosesinə uyğun şəkildə inkişaf etdirilməli olduğunu göstərib. Onun da qeyd etdiyi kimi vasitəçilik çoxaktorlu proses olmaqla yanaşı həm də daxildə bir-birini tamamlayandır”.
Onun sözlərinə görə, Qafqaz regionu tarix boyunca qeyri-sabitlik, ərazi münaqişələri və geosiyasi rəqabətlə xarakterizə olunub: “Regionda baş verən münaqişələr hələ də təhlükəsizlik və sabitlik üçün əsas çağırışlardan biri olaraq qalmaqdadır. 2020-ci il müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlar sülh prosesinə aktorların cəlbinə gətirib çıxarıb. Bu kontekstdə Gürcüstanın regiondakı güc balansına, danışıqların dinamikasına təsiri qeyd oluna bilər. Gürcüstanın həm Azərbaycan, həm Ermənistanla qarşılıqlı maraqlara əsaslanan, balanslaşdırılmış münasibətlərinin mövcudluğu onun neytral vasitəçi kimi çıxış etməsini asanlaşdırır, həmçinin qərəzsiz aktor kimi çıxış etməsinə şərait yaradır. Gürcüstanın təklif etdiyi Tbilisi platforması danışıqlar prosesində şəffaf və texnokratik mühitin formalaşmasına gətirib çıxara bilər. Belə ki, bu prosesdə iştirak edən Gürcüstan üçün Abxaziya və Cənubi Osetiya problemi məsələsi aktual olduğundan vasitəçi kimi məsələnin həssas tərəfləri bir dövlət olaraq ona daha çox yaxındır. Digər tərəfdən mədəni, dini, regional qonşuluq və tarixi münasibətlərin dərinliyi onun vasitəçilik rolunu daha qəbulolunan edir. Bu səbəblərdən danışıqlar prosesinin müxtəlif mövzularda aparılması da vasitəçilik prosesini praktiki etməkdədir.
Nəticə etibarilə Gürcüstanın vasitəçi kimi çıxış etməsi həm də regiondakı diplomatik dinamikanın yenilənməsi deməkdir. Bu təşəbbüsün qarşılıqlı şəkildə balanslaşdırılmış münasibətlərə, tarixi yaxınlığa əsaslanması isə prosesin effektivliyindən xəbər verir. Eyni zamanda deyə bilərik ki, bu addımla xarici aktorların təsiri azaldılaraq minimuma endiriləcək və ən əsası isə regiondaxili problemlərin həlli üçün bizə yeni olan diplomatik mexanizmlərin işə qoyulmasına təkan verəcəkdir. Gürcüstanın neytral vasitəçi kimi rolu yalnız Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına deyil, bütövlükdə Qafqazda dayanıqlı sülhün bərqərar olmasına töhfə verə bilər”.
Gülbəniz Bayramova
19:09 07.11.2025
Oxunuş sayı: 1179