Qumar oyunlarının reklamı və tanıdılması da cinayət məsuliyyəti doğurmalıdır - Hüquqşünasdan TƏKLİF
Son illərdə sosial şəbəkələr və mobil tətbiqlər vasitəsilə yayılan qanunsuz qumar və mərc oyunları cəmiyyətdə narahatlıq yaradıb. Bu fəaliyyət gənclər arasında asılılıq və maliyyə itkilərinə səbəb olur, ailə və ictimai dəyərləri zədələyir. Qanunsuz platformalar xarici serverlərdə yerləşərək dövlət nəzarətindən yayınmağa çalışırlar. Belə oyunlar çox vaxt dələduzluq və vergidən yayınma kimi cinayətlərlə əlaqələndirilir. Mütəxəssislər bildirirlər ki, bu sahədə hüquqi nəzarətlə yanaşı, texnoloji və maarifləndirici tədbirlər də gücləndirilməlidir.
Bu barədə Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməməd Nuriyev Crossmedia.az-a açıqlama verib. O bildirib ki, son illərdə sosial şəbəkələr və mobil tətbiqlər vasitəsilə yayılan qanunsuz qumar və mərc oyunları real təhlükəyə çevrilib: "Bu fəaliyyət həm ictimai, həm də ailə institutuna ciddi zərbə vurur, gənclər arasında asılılıq və maliyyə itkilərinə səbəb olur. Qanunsuz platformalar çox vaxt xarici serverlərdə yerləşir, bank kartları və kriptovalyuta köçürmələri ilə işləyir. Bu səbəbdən də onlar dövlət nəzarətindən yayınmağa çalışır. Bu yalnız fərdi davranış problemi deyil, həm də ictimai təhlükə yaradan kibercinayət formasıdır. Qeyri-qanuni qumar resursları çox vaxt pul yuma, dələduzluq və vergidən yayınma əməliyyatlarının bir hissəsinə çevrilir. Qanunsuz qumar fəaliyyətinə qarşı mövcud qanunvericilikdə məsuliyyət nəzərdə tutulsa da, bu sferanın onlayn mühitə keçidi yeni hüquqi mexanizmlərin yaradılmasını zəruri edir. İnzibati Xətalar Məcəlləsinin 401.1 və 401.2-ci maddələrində bu fəaliyyətə görə məsuliyyət müəyyən edilib. Lakin təkrar halların artması Cinayət Məcəlləsində ayrıca maddələrin əlavə olunmasını məqsədəuyğun edir. Qumar oyunlarının reklamı və tanıdılması da cinayət məsuliyyəti doğurmalıdır. Hər hansı sayt, bloq və ya media qurumu bu sahədə fəaliyyət göstərərsə, “Reklam haqqında” qanun çərçivəsində həmin fəaliyyətin dayandırılması tətbiq edilə bilər".
Hüquqşünas qeyd edib ki, onlayn mərc və oyun platformaları yalnız Dövlət Vergi Xidməti və Gənclər və İdman Nazirliyindən lisenziya alaraq fəaliyyət göstərə bilər: "Bu sahədə ən təsirli vasitə yalnız hüquqi tədbirlər deyil, həm də texnoloji nəzarət mexanizmlərinin gücləndirilməsidir. İnternet provayderləri qanunsuz saytları “qara siyahı”ya salmalı və IP səviyyəsində bloklama sistemi tətbiq etməlidirlər.
Maliyyə monitorinq sistemi vasitəsilə ödəniş əməliyyatları izlənməli, bank və elektron pul kisələrindən qumar məqsədilə edilən əməliyyatlar aşkar edilərək dərhal dayandırılmalıdır. Süni intellekt texnologiyalarının köməyi ilə sosial şəbəkələrdə qumarla bağlı açar sözlər və reklamlar aşkarlanmalı, avtomatik xəbərdarlıq mexanizmləri tətbiq olunmalıdır. Mobil tətbiqlərin nəzarəti də gücləndirilməlidir. Play Market, Apple Store və digər platformalarda bu tip tətbiqlərin yayımlanması yalnız dövlət orqanlarının razılığı ilə mümkün olmalıdır. Bununla yanaşı, qanunsuz qumar oyunlarına qarşı mübarizə yalnız inzibati tədbirlərlə məhdudlaşmamalıdır. Məktəblərdə gənclərə bu barədə maarifləndirici təlimlər keçirilməli, asılılığa qarşı rəqəmsal maarifləndirmə kampaniyaları həyata keçirilməlidir.
Qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti nümayəndələri də bu prosesə cəlb olunmalıdır. Onlar xüsusi nəzarət platforması yaradaraq qanunsuz saytlar və sosial şəbəkə səhifələri barədə şikayətləri birbaşa Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim edə bilərlər.
Bundan başqa, İnterpol, Avropa Şurası və MDB-nin kibercinayətkarlığa qarşı mübarizə şəbəkələri ilə əməkdaşlıq da gücləndirilməlidir. Azərbaycan hüquq-mühafizə orqanlarının beynəlxalq cinayət məlumatları mübadiləsi sisteminə inteqrasiyası bu istiqamətdə mühüm addım ola bilər".
Türkan Kərimli
18:35 07.11.2025
Oxunuş sayı: 1680