Əsgərlər üçün şad xəbər: Telefonda istifadəyə icazə verilə bilər
Müasir dövrdə rabitə texnologiyalarının inkişafı insan həyatının ayrılmaz hissəsinə çevrilib. Hər kəsin ailəsi, dostları və yaxınları ilə fasiləsiz əlaqədə qalmaq ehtiyacı bu gün sosial həyatın əsas tələblərindən biridir. Lakin bu imkan hərbi xidmət şəraitində məhdud olduğundan, əsgərlərin ailələri ilə ünsiyyət qurmaq arzusu bəzən çətinliklərlə müşayiət olunur.
Bu ehtiyacı nəzərə alan Müdafiə Nazirliyi və “Azercell Telekom” MMC əsgərlərin sosial rifahını artırmaq, onların mənəvi rahatlığını təmin etmək məqsədilə yeni və mühüm bir addım atıblar. 2026-cı ildən etibarən hərbi xidmətə çağırılan gənclər üçün “Əsgərcell” adlı xüsusi mobil rabitə paketi istifadəyə veriləcək. Bu layihə sayəsində Azərbaycan əsgərləri artıq xidmət dövründə ailələri ilə daha təhlükəsiz, məhdud, lakin daha rahat və etibarlı şəkildə əlaqə saxlaya biləcəklər.
Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Keçmişdə belə bir təcrübə həyata keçirilmişdi. Yaxşı xatırlayıram ki, 1995–1997-ci illərdə Azərbaycandan olan nömrələr həmin dövrdə Müdafiə Nazirliyi ilə aparılan razılaşma əsasında istifadəyə verilmişdi. Nömrələr ilkin olaraq hərbi hissələrə paylanmış, sonradan isə rəsmi qeydiyyat aparılmaqla hərbiçilərin adına verilmışdı. Hazırkı şəraitdə isə əsgərlərlə bağlı bu cür xüsusi paketə ehtiyacın olub-olmaması müzakirə mövzusudur. Məsələn, beş nəfərlə əlaqənin təmin edilməsi nə dərəcədə məqbul və ya effektivdir? Təsəvvür edin ki, hərbi qulluqçu elə bir şəraitdədir ki, orada onun mobil rabitə cihazını şarj etmək və ya texniki qulluq göstərmək üçün imkanlar yoxdur. Bu məsələni əvvəlcədən də, dünyanın aparıcı ordularında da geniş şəkildə görməmişəm. Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə bir çox ordular bu məsələni belə önəmli hesab etmir".
O bildirib ki, əsas diqqət məxfilik və təhlükəsizlik məsələlərinin təmin olunmasına yönəldilməlidir: "Hərbi rəhbərlik və müvafiq dövlət strukturları preventiv tədbirlər görür, təlimatlandırma aparırlar — məsələn, telefonla danışarkən şəkil çəkməyin qadağan edilməsi, strateji obyektlərin və texnikanın yerləşməsi barədə informasiya yayılmamasına dair xəbərdarlıqlar. Eyni zamanda bəzi rabitə şirkətləri Müdafiə Nazirliyi ilə razılaşmalar əsasında hərbi hissələrdə telefon məntəqələri quraşdırıblar; həmin vasitələrlə əsgərlər şəhər və rayonlarda yaşayan yaxınları ilə əlaqə saxlayırlar".
Ekspert, həmçinin bu təşəbbüsün müsbət və mənfi tərəflərini qiymətləndirərkən əsaslandırmanın vacib olduğunu qeyd edib: "Niyə məhz beş nəfər üçün məhdudiyyət qoyulur? Niyə 15 və ya 20 yox? Hərbi strukturların konkret tələbləri, əməliyyat şəraiti və təhlükəsizlik meyarları nəzərə alınaraq bu ideyanın nə ilə əsaslandırıldığı açıq şəkildə göstərilməlidir. Yalnız bu əsaslandırma möhkəm olduqda məsələni məntiqli və faydalı hesab etmək olar və müvafiq qərarlar buna uyğun verilə bilər".
Elmir Heydərli
15:15 07.11.2025
Oxunuş sayı: 1466