Kamran Həsənov: Yeni terminlərin dilimizə uyğunlaşdırılmasında medianın üzərinə böyük məsuliyyət düşür
Azərbaycan dilinin saflığının qorunması üçün media və jurnalistlərin üzərinə böyük məsuliyyət düşür.
Crossmedia.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov Medianın İnkişafı Agentliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi" mövzusunda keçirilən konfransda deyib.
O xatırladıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə keçirilən tədbirdə Prezident İlham Əliyev Azərbaycan dili ilə bağlı bir sıra konseptual fikirlər səsləndirib, Azərbaycan dilinin saflığının qorunması və yaşadılması ilə bağlı çağırış edib:
"Prezident İlham Əliyev çıxışında Azərbaycan dilinin saflığının qorunmasını xüsusilə vurğuladı. Prezidentin Azərbaycan dilinin qorunması ilə bağlı fikirləri qaldırdığı problemə nə qədər həssas yanaşdığını və önəm verdiyini göstərir. Bu eyni zamanda 10 il ərzində bu sahədə görülən işlərə baxmayaraq vəziyyətin qənaətbəxş olmadığını göstərir. Son illər bu istiqamətdə vacib addımlar atılıb. Qanunvericilik bazası təkmilləşdirilib, dilin saflığının qorunması və yad təsirlərdən qorunması üçün addımlar atılıb. Məktəb və universitetlərdə Azərbaycan ədəbi dilin normalarının öyrənilməsinə xüsusi diqqət göstərilir. Şübhəsiz, bu addımlar gələcək nəsil üçün önəmlidir".
O qeyd edib ki, qloballaşma günün reallığıdır və buna uyğunlaşmaq lazımdır:
"Qloballaşma ilə dilin saflığının qorunması tarazlaşdırıla bilər. Yeni terminlər dilimizi zənginləşdirə və ya xələl gətirə bilər. Mediada xarici sözlərin yersiz işlədilməsi ədəbi dilin normalarını zəiflədir. Buna görə də yeni terminlərin dilimizə uyğunlaşdırılmasında media və dilçilərin üzərinə böyük məsuliyyət düşür. Süni intellekt alətlərinin mediada tətbiqinin müzakirə edildiyi dövdə yaşayırıq. Lakin dilin saflığı da qorunmalıdır. Jurnalist ədəbi dilin normalarına riayət etmirsə, bu, cəmiyyətə də təsir edir. Problemi yalnız səsləndirmək yetərli deyil, həm də praktik addımlar atılmalıdır".
K. Həsənov diqqətə çatdırıb ki, bu baxımdan, son dərəcə strateji, milli kimliklə birbaşa bağlı və dövlət siyasətinin prioritetlərindən biri olan ədəbi dilin saflığının qorunması işlərinin davamlı olması şərtdir.
13:28 07.11.2025
Oxunuş sayı: 1396