Azərbaycan xalqı torpaqlarının əsl sahibi kimi tarixdə öz yerini tutmuşdur - DEPUTAT
“Azərbaycan xalqının ən şanlı və ən
qürurlu günlərindən biri olan 8 Noyabr – Zəfər Günü ölkəmizin müasir tarixində əbədi
qızıl hərflərlə yazılmışdır. Bu gün, Azərbaycan Respublikasının ərazi
bütövlüyünün bərpası, dövlətimizin suverenliyinin təmin edilməsi və xalqımızın
milli birliyinin parlaq təntənəsi kimi tarixə düşmüşdür”.
Bu sözləri 8 Noyabr - Zəfər Günü barədə
Crossmedia.az-a saytına danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O bildirib ki, Azərbaycan Ordusunun Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
altında qazandığı bu möhtəşəm Qələbə, təkcə hərbi gücün deyil, həm də xalqın
iradəsinin, vətən sevgisinin və milli həmrəyliyin təntənəsidir: “2020-ci ilin 27 sentyabrında Ermənistan silahlı
qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Vətən Müharibəsinə
başladı. 44 gün davam edən bu mübarizə nəticəsində Azərbaycan xalqı otuz ilə
yaxın işğal altında olan torpaqlarını azad etdi. Bu dövrdə Cəbrayıl, Füzuli, Zəngilan,
Qubadlı, Kəlbəcər, Laçın və Şuşa kimi rayon və şəhərlərimiz mərhələlərlə azad
edildi. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması isə müharibənin
taleyini müəyyənləşdirən, qələbəmizin rəmzinə çevrilən hadisə oldu. Azərbaycan
mədəniyyətinin beşiyi, Qarabağın tacı sayılan Şuşa şəhərinin azad olunması
xalqımız üçün misilsiz mənəvi dəyərə malikdir. Şuşa uğrunda gedən döyüşlər Azərbaycan
əsgərinin qəhrəmanlığının, peşəkarlığının və yüksək ruhunun təcəssümü oldu.
Düşmənin təpədən dırnağa qədər silahlanmış qüvvələrinə qarşı dağ, meşə və
qayalıqlardan keçərək irəliləyən Azərbaycan əsgəri Şuşanı döyüşlə azad etməklə
xalqımızın iradəsini dünyaya göstərdi. Bu qələbə Azərbaycanın hərb tarixində
nadir taktiki və strateji uğur kimi qiymətləndirilir. Zəfər Günü Azərbaycan
xalqının ədalətin və beynəlxalq hüququn bərpası uğrunda qazandığı tarixi
nailiyyətdir. Bu qələbə ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa
edilmiş, regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni reallıqlar
yaranmışdır. Bu möhtəşəm qələbənin memarları Azərbaycan Ordusunun igid əsgər və
zabitləri, şəhidlərimiz, qazilərimiz və veteranlarımızdır. Onların fədakarlığı,
qəhrəmanlığı və vətənə sonsuz sədaqəti sayəsində Azərbaycan öz torpaqlarını
azad etdi, ərazi bütövlüyünü bərpa etdi və milli qürurunu yenidən ucaltdı”.
O bildirib ki, müstəqil Azərbaycanın qüdrətli ordusu Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən
Müharibəsində misilsiz hərbi zəfərlər qazandı: “Azərbaycan Ordusu bu müharibədə
müasir döyüş taktikasını və yüksək texnologiyanı uğurla tətbiq etdi. Ordumuz
qısa müddətdə düşmənin uzun illər ərzində qurduğu istehkam sistemini darmadağın
edərək Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşa kimi
strateji əhəmiyyətli əraziləri azad etdi. Azərbaycan əsgəri müasir döyüş
meydanında həm peşəkarlığı, həm də vətənpərvərliyi ilə fərqlənirdi. Bu ordu,
xalqın iradəsini, birliyini və əzmkar ruhunu özündə cəmləşdirdi. 44 günlük
müharibənin ən böyük qəhrəmanları Vətən uğrunda canlarını fəda edən Şəhidlərimizdir.
Onların hər biri müstəqilliyimizin və azadlığımızın əbədiliyinin rəmzidir. Şəhidlərimizin
qanı ilə azad olunan torpaqlar bu gün azad, müstəqil və inkişaf edən Azərbaycanın
yeni həyat məkanıdır. Onların hər biri bir qəhrəmanlıq dastanıdır — bir ananın
fəxri, bir xalqın qürurudur. Azərbaycan xalqı Şəhidlərimizin xatirəsini əbədi
hörmət və minnətdarlıqla yad edir. Onların adları şəhərlərdə, küçələrdə, məktəblərdə,
park və abidələrdə əbədiləşdirilir. “Vətən sağ olsun!” deyib döyüşə atılan hər
bir şəhid, bu xalqın qəlbində ölməzlik qazanmışdır. Azərbaycan xalqı Vətən
uğrunda canını fəda edən qəhrəman oğul və qızlarımızın xatirəsini əbədi olaraq
qəlbində yaşadır. Qazilərimizin göstərdiyi igidlik, sədaqət və mərdlik isə gələcək
nəsillər üçün ən böyük vətənpərvərlik nümunəsidir. Vətən Müharibəsinin qaziləri
bu gün müstəqilliyimizin canlı rəmzləri, xalqımızın fədakarlıq simvollarıdır.
Onlar döyüş meydanında göstərdikləri igidliklə, müharibədən sonra isə həyat
mübarizəsindəki əzmləri ilə hər kəsə nümunədir. Dövlətimiz qazilərin sosial təminatı,
reabilitasiyası və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində geniş
proqramlar həyata keçirir. Bu tarixi zəfər
həm də Ulu Öndər Heydər Əliyevin siyasətinin davamı, Prezident İlham Əliyevin qətiyyətli
liderliyinin və xalq-ordu birliyinin nəticəsidir”.
Parlamentari əlavə edib ki, Prezident İlham Əliyevin müharibə dövründə
həyata keçirdiyi dərin düşünülmüş, çoxşaxəli diplomatik siyasət, həm beynəlxalq
aləmdə Azərbaycanın haqlı mövqeyinin tanınmasına, həm də hərbi əməliyyatların
uğurla aparılmasına zəmin yaratdı: “Ali Baş Komandan müharibə dövründə
diplomatik arenada aydın, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe
nümayiş etdirdi. O, daim vurğuladı ki, Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərində
öz suverenliyini bərpa edir, bu isə BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma
və prinsiplərinə tam uyğundur. Dövlət başçısı, münaqişənin siyasi və hüquqi əsaslarını
dəqiq ifadə etməklə, Azərbaycanın haqlı tərəf olduğunu bütün dünyaya sübut
etdi. Onun dəqiq ritorikası və diplomatik uzaqgörənliyi uzun illər Ermənistanın
apardığı təbliğatın tamamilə iflasa uğratdı. Müharibədən sonra Prezident İlham Əliyev
regionda sülh və əməkdaşlıq üçün yeni reallıqların formalaşmasına rəhbərlik
etdi. Onun təşəbbüsləri sayəsində Cənubi Qafqazda dayanıqlı təhlükəsizlik
arxitekturası, nəqliyyat və enerji əməkdaşlığı üçün yeni mərhələ başladı. Azərbaycan
artıq qalib dövlət, İlham Əliyev isə regionun aparıcı siyasi lideri kimi qəbul
olunur. Onun rəhbərliyi ilə Azərbaycan sülh, ədalət və inkişaf mərkəzinə
çevrilməkdədir. Vaşinqton Sülh Sammitində əldə olunan tarixi nailiyyət də
Prezident İlham Əliyevin sülhdə qətiyyətinin təcəssümü idi. Bu gün Azərbaycan gəncləri üçün müstəqilliyin,
azadlığın və vətənə sədaqətin dəyərini dərk etməyin simvoluna çevrilmişdir. Zəfər
Günü Azərbaycan xalqının əsrlərlə davam edən ədalət mübarizəsinin zirvəsi,
milli birliyin, qətiyyətin və qəhrəmanlığın simvoludur. Bu gün biz qürurla
deyirik ki, Azərbaycan xalqı öz torpaqlarının əsl sahibi kimi tarixdə öz yerini
tutmuşdur”.
Kənan Novruzov
15:15 06.11.2025
Oxunuş sayı: 1422