Ermənistan Aİ-nin "qara qaşına vurulub"?: Paşinyan demək istəyir ki...
Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, Avropa İttifaqının (Aİ) müşahidəçiləri Azərbaycanla sülh sazişi imzalanana qədər Ermənistanda qalacaqlar.
Təhlilçilər Paşinyanın bu bəyanatını birmənalı qarşılamırlar. Onun dediklərindən belə çıxır ki, guya Avropa hərbçiləri sabitliyə zəmanət verir. Hərçənd Avropanın "nəyə qadir olduğunu" çoxdan bilirik.
Paşinyanın bu açıqlamasını Ermənistanın Avropaya müddət qoyması kimi dəyərləndirənlər də var.
Onun səsləndirdiyi fikirlər barədə siyasi şərhçi Hüseyn İbrahimov Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, ümumiyyətlə Avropa müşahidəçi və emisarlarının Ermənistanda olması faktları ilk dəfə müşahidə edilmir: ‘’Yəni bu hal Azərbaycanın qələbəsindən sonra başlandı və o zaman bu müşahidələr çox vaxt Azərbaycanın sərhədlərini, sərhəddə gedən işləri müşahidə etməklə də məşğul idilər və bir çox məsələni izləyirdilər. Amma Ermənistan-Azərbaycan arasında gedən proseslər, xüsusilə ABŞ–Azərbaycan və Ermənistan üçtərəfli görüşündən sonra, bu müşahidə missiyası bir qədər səngiməyə başladı. Sanki özləri yoxmuş kimi görünməyə başladılar. Ancaq hazırda Ermənistanda müəyyən seçki proseslərinin və siyasi aktivliyin yüksəldiyi bir şəraitdə onlar yenidən bu müşahidə missiyalarının strukturunu və taktikasını yeniləməyə çalışırlar. Azərbaycan regionda sözünü kifayət qədər deyib və Paşinyanın da son çıxışları, istər Avropada, istərsə də digər görüşlərdəki mövqeləri onu deməyə əsas verir ki, Ermənistan da münaqişənin yenidən başlamasını istəmir. Xüsusən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əməkdaşlığa və sülhə aparan yolda iqtisadi zəmində ilk qonşuluq addımları atılıb. Buna misal olaraq Qazaxıstandan gələn taxıl məhsulunun Ermənistana nəql olunması məsələsini göstərmək olar. Bu, sadə bir hadisə deyil və dünya ictimaiyyəti tərəfindən də yaxşı qarşılanır, Azərbaycanın böyük sülhə aparan yolda real addımları kimi qiymətləndirilir’’.
Şərhçi qeyd edib ki, Ermənistan Baş nazirinin Aİ müşahidəçilərinin Azərbaycanla sülh müqaviləsi imzalanana qədər Ermənistanda qalması ilə bağlı fikirləri isə daha çox Ermənistanın özünü digər xarici qüvvələrdən və qonşulardan qorumağa, həmçinin siyasi hakimiyyət sabitliyini saxlamağa yönəlmiş addımlardır: ‘’Bu, Azərbaycana qarşı yönəlmiş addım kimi qiymətləndirilməməlidir. Əksinə, Ermənistan hakimiyyəti öz legitimliyini poza biləcək hallardan sığortalanmaq xətti götürüb. Bu da əsasən Ermənistanda artan siyasi aktivlik, qarşıdan gələn seçkilər və daxili proseslərlə bağlıdır. Digər tərəfdən, bu müşahidəçi missiyası heç də Ermənistanın öz istəyi ilə formalaşan bir məsələ deyil. Bu, daha çox xaricdən idarə olunan bir modeldir. Bu modeli ötürən qüvvələrin məqsədləri müxtəlif ola bilər və bunu gələcək proseslərin gedişi göstərəcək’’.
Ekspertin sözlərinə görə, bütün hallarda müşahidəçilərin rəhbərliyində olan qüvvələrin regionda sabitliyə münasibəti birmənalı deyil: ‘’Bu baxımdan da Ermənistan müşahidə missiyasının fəaliyyətinə görə siyasi məsuliyyəti üzərinə götürməli, onların fəaliyyətini müstəqil dövlət kimi müşahidə etməlidir. Həmçinin Azərbaycanla münasibətlərə mənfi təsir göstərə biləcək halların qarşısını almaq gücündə olmalıdır. Ermənistan və Azərbaycan cəmiyyətləri də bu məsələlər barədə məlumatlı olmalıdır. Çünki bu müşahidə missiyası məhz Ermənistan ərazisində yerləşir və hər iki dövlət arasında münasibətlərin tənzimlənməsi və sülhə aparan yolun möhkəmlənməsi istiqamətində addımlar atılır. Qeyd etmək lazımdır ki, ötən çıxışında Ermənistan Baş naziri Avropada və Ermənistan siyasətçiləri qarşısında möhkəm sülhün yaradılması ehtimalından danışdı. O, təməli möhkəm ola biləcək sülhün formalaşdırılmasından bəhs etdi və bunun üçün də proseslərin nəzarətdə saxlanılmasının Ermənistan tərəfindən ciddi şəkildə izlənilməli olduğunu vurğuladı’’.
Sevinc Yarməmmədova
21:59 05.11.2025
Oxunuş sayı: 1689