Türkiyənin Rusiyadan neft alışını azaltması iki ölkə münasibətlərinə zərbə vuracaq - Politoloq
Türkiyənin bir sıra əsas neft emalı zavodları Rusiya mənşəli xam neftin alışını tədricən azaltmağa başlayıb. Bu, təkcə iqtisadi qərar deyil, həm də geosiyasi dəyişikliklərin nəticəsi kimi qiymətləndirilir.
Bu barədə Crossmedia.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyənin Rusiyadan neft alışını dayandırması, təbii ki, ABŞ Prezidenti ilə Türkiyə Prezidenti arasında son danışıqlardan sonra reallaşıb:
“Hazırda Türkiyə neft idxalını əsasən Azərbaycandan və İraqdan həyata keçirir. Göründüyü kimi, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar artıq Türkiyə–Rusiya əlaqələrini də zəiflədir.
Bu proses, təbii olaraq, iki ölkə arasındakı iqtisadi münasibətlərə də zərbə vurur. Bilirsiniz, Rusiyanın Qərbə qarşı apardığı “eksistensial savaş” təkcə beynəlxalq münasibətlərə deyil, Türkiyənin regional siyasətinə də mənfi təsir edir, onun manevr imkanlarını məhdudlaşdırır.
Burada əsas məsuliyyət Rusiya tərəfinin üzərinə düşür. Türkiyə isə yaranmış vəziyyətdə öz müttəfiqləri ilə əməkdaşlığı gücləndirməyə məcburdur. Bu əməkdaşlıq təkcə siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik koalisiyaları çərçivəsində baş verir”.
Politoloqun sözlərinə görə, Türkiyə gələcək mərhələlərdə Rusiyadan həm qaz, həm də neft alışını azalda bilər:
“Bu isə iki ölkə arasında siyasi münasibətlərin soyumasına gətirib çıxara bilər. Xüsusilə Suriya məsələsində tərəflər arasında fikir ayrılıqları daha da dərinləşə bilər. Rusiya cavab olaraq Türkiyə ilə meyvə-tərəvəz idxalını məhdudlaşdıra və ya dayandıra bilər.
Bununla belə, Türkiyənin ABŞ ilə münasibətləri yüksək səviyyədə saxlamaq siyasəti, iqtisadi əməkdaşlıq baxımından, ölkənin beynəlxalq nüfuzuna müsbət təsir göstərəcək”.
Türkanə Məşədiyeva
18:45 03.11.2025
Oxunuş sayı: 1830