ABŞ-dən Avropaya "əlini cibinə sal" ritorikası: Rusiya - Ukrayna savaşında gözlənilməz həmlə
ABŞ-nin xarici siyasətində, xüsusilə Ukrayna ilə bağlı mövqeyində müəyyən dəyişikliklər müşahidə olunur. "The Telegraph"ın məlumatına görə, Prezident Donald Trampın Ukrayna siyasəti getdikcə daha aydın konturlara malik olur və bu siyasətin əsas xətti Vaşinqtonun maliyyə yükünü azaltmaq, Ukraynaya dəstəyin əsas hissəsini isə Avropa ölkələrinin üzərinə yönəltməkdir. Trampın yanaşmasına görə, ABŞ Ukraynanın tam məğlub olmasına imkan verməyəcək, lakin Kiyevə yeni milyardlarla dollar dəyərində yardım paketləri də təqdim etməyəcək. Bununla yanaşı, ABŞ silahlarının Ukraynaya hədiyyə kimi deyil, kommersiya şərtləri ilə satılması planlaşdırılır.
Crossmedia.az-a danışan politoloq Əhəd Məmmədli bildirib ki, Tramp hələ prezident olduğu dövrdə çıxışlarından birində belə demişdi: “Biz niyə Avropanı həm saxlamaq, həm də müdafiə etməliyik? Niyə boş yerə pul verək? Amerikanın pulu ilə Avropa müdafiə edilməməlidir". Tramp biznesmen olduğu üçün bu məsələyə də kommersiya baxımından yanaşır və Avropanın maliyyə yükünü Ukraynaya yönəltmək istəyir. O deyir ki, Ukraynaya siz də pul buraxın, biz bir yerə qədərik. Düzdür, Avropa da bacardığı və imkanı daxilində Ukraynaya dəstək verir — həm silah baxımından, həm də Ukraynadan gələn qaçqınların qəbulunda. Demək olmaz ki, Avropa heç nə etmir. Amma Tramp indi elə göstərmək istəyir ki, hər şeyi ABŞ edir. Əslində, bu belə deyil".
Ə. Məmmədli qeyd edib ki, Avropa liderləri də cavablarında Trampın bu arqumentlərini rədd ediblər: "Avropalılar bildirirlər ki, biz kifayət qədər dəstək vermişik, sadəcə Avropanın müdafiə potensialı zəifdir. Tramp isə deyir ki, əgər güclənmək istəyirsinizsə, biz bunu sizə pulsuz etməyəcəyik — pul verəcəksiniz. O, Avropanın "əlini cibinə qoymasını2 istəyir və bununla da Amerikanın qazanc əldə etməsini düşünür".
Politoloq əlavə edib ki, dövlət idarəçiliyi korporasiya idarəçiliyindən fərqlənir və Trampın sırf iqtisadi baxışlara əsaslanan siyasəti uzunmüddətli perspektivdə ABŞ-nin beynəlxalq nüfuzuna zərər vura bilər: “Əgər sən pul xərcləməsən, sənin yanında adam qalmayacaq. Bu, dövlətlərarası münasibətlərdə də belədir. Trampın bu cür pula əsaslanan baxışları ABŞ-nin maraqları miqyasında onun dünyadakı iştirakına zərər vura bilər. Avropa ölkələri görür ki, ABŞ geri çəkilir və bu məsələlərdə şantaj dili ilə danışır. Bu isə nəticədə Avropanı, həqiqətən, "əlini cibində saxlamağa" vadar edəcək — amma artıq ABŞ-yə pul vermək üçün yox, özləri güclənmək üçün".
Ə. Məmmədlinin fikrincə, yaranan boşluğu Çin kimi ölkələr doldurmağa çalışır: "Pekin pusquda durub və hər yerdə Vaşinqtonun yerini tutmağa çalışır. Çin, demək olar, Monteneqronu iqtisadi baxımdan "alıb". Sonra avropalılar görüblər ki, Monteneqro Çinə borcludur və Çin onun iqtisadiyyatını ələ keçirmək istəyir".
Politoloq hesab edir ki, Çin müəyyən mənada ABŞ-ni əvəz etməyə çalışsa da, bu, Avropanın maraqlarına cavab vermir: "ABŞ ilə Avropa eyni mədəni köklərə malikdir. Amma avropalılar istəməzlər ki, Çin onlara təsir etsin. Onlar "özünkünü" — yəni ABŞ-ni istəyirlər, "özgəni" yox. Lakin bəzən məcburiyyət qarşısında qalanda, başqa çıxış yolu qalmayanda, belə addımlar atmaq məcburiyyətində qalırlar".
Sonda Ə. Məmmədli vurğulayıb ki, Ukrayna məsələsində hələ də əsas rolu ABŞ oynayır və bu, yaxın zamanda dəyişməyəcək: “Ukrayna məsələsində əsas rolu yenə də Ağ Ev oynayır və oynayacaq. Çünki bu, həm Vaşinqton maraqlarına cavab verir, həm də bu məsələdə onun alternativi yoxdur".
Mehriban Yariyeva
15:25 03.11.2025
Oxunuş sayı: 2116