Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq: Professor qərarı şərh etdi
2025-2026-cı tədris ilində Ermənistanın üç dövlət məktəbində Azərbaycan dili kursları tətbiq olunacaq.
Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin müvafiq proqramına əsasən 10-12-ci sinif şagirdləri üçün Azərbaycan və türk dilləri, 5-ci sinifdən etibarən isə fars və gürcü dilləri tədris olunacaq. Proqram könüllü olacaq və ixtisaslı müəllimlərin mövcudluğundan asılı olacaq.
Təşəbbüs dövlət təhsil proqramı çərçivəsində həyata keçirilir.
İkinci Qarabağ müharibəsindən və tərəflər arasında normallaşma prosesinə start verildikdən sonra hər iki tərəfdən müxtəlif təşəbbüslər irəli sürülür. Azərbaycanda və Ermənistanda qarşı tərəfin dövlət dilinin tədrisi məsələsi çoxdandır gündəmdədir. Görünür, artıq bu barədə əməli addımlar atılır.
Müvafiq qərar barədə BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli Crossmedia.az-a açıqlama verib: "Bu qərara tamamilə normal yanaşıram. Çünki Ermənistan həm Türkiyə kimi böyük bir dövlətlə, həm də Azərbaycan kimi mühüm bir ölkə ilə qonşudur. Bu ölkələr arasında tarixi münasibətlər mövcuddur və həmin münasibətlər heç də həmişə hamar və sabit olmayıb. Hazırda Ermənistanda sistem dəyişikliyi müşahidə olunur. Məsələn, baş nazir Nikol Paşinyan “bizim Azərbaycan və Türkiyə haqqında təsəvvürlərimizi Rusiya formalaşdırıb” ifadəsini işlədərkən çox dərin bir məna ifadə edib. Bu, o deməkdir ki, Ermənistan da artıq reallığı dərk etməyə başlayır. Bizim tərəfimizdən də bu ölkəni yaxından öyrənmək, erməni dilinin tədrisini, mədəniyyətini, cəmiyyətini daha dərindən anlamaq vacibdir. Hazırda bu istiqamətdə ölkəmizdə erməni dili üzrə mərkəzlər, universitetlərdə və ictimai qurumlarda araşdırmalar aparılması tamamilə normal bir haldır”.

Q.Məhərrəmlinin sözlərinə görə, mövcud vəziyyət ondan xəbər verir ki, münasibətlər getdikcə yaxşılaşmağa doğru inkişaf edir: “Ermənistan rəhbərliyi artıq tarixi reallıqları, millətin faciəsini və onun səbəblərini düzgün dəyərləndirir. Qonşu ölkələrlə düşmənçilik münasibətinin heç bir fayda vermədiyini anlamaq çox vacibdir. Başqa bir dövlətin – xüsusən Rusiyanın əli ilə bu region ölkələrinin üz-üzə qoyulması doğru yanaşma deyil. Belə siyasət həm Azərbaycan, həm də Ermənistan xalqları üçün son 30–35 ildə çox böyük faciələrə səbəb olub”.
Professor qeyd edib ki, Ermənistanda siyasi kursun dəyişməsini, qonşu ölkələrlə münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları mən tam səmimiyyətlə təqdir edir və alqışlayır: “Hesab edirəm ki, qonşularla əbədi düşmənçilik şəraitində yaşamaq həm mənəvi, həm də insani baxımdan tamamilə yanlışdır.Çünki nəsillər dəyişir, insanlar həyatlarını itirir, günahsız insanlar qətlə yetirilir. Buna son qoymağın ən düzgün yolu isə dinc və mehriban qonşuluq münasibətləridir. Məhz buna görə də Ermənistanda bu istiqamətdə atılan addımları müsbət qarşılayıram və sülhə doğru yönələn hər bir təşəbbüsü alqışlayıram”.
Türkanə Məşədiyeva
14:00 03.11.2025
Oxunuş sayı: 2083