“4-cü Marsol Zəfər Kuboku” intellektual yarışı keçirilib
1 noyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Academy və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, “Unilegal Consulting” şirkətinin baş sponsorluğu və “Halal-P” şirkətinin sponsorluğu ilə 8 Noyabr – “Zəfər Günü”nə həsr olunan “Nə? Harada? Nə zaman?” adlı şirkətlərarası “4-cü Marsol Zəfər Kuboku” intellektual yarışması keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirin açılışında İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, Azərbaycan Biznesinin İnkişafı Fondunun müşaviri Namiq Zeynalov, Kapital Bankın Kiçik və Orta Sahibkarlarla iş departamentinin rəhbəri Nəsimi Xasıyev və “Unilegal Consulting” şirkətinin təsisçisi və direktoru Tofiq Hacıyev çıxış ediblər.
Çıxışçılar tədbirin əhəmiyyətini vurğulayaraq, sahibkarlıq mühitində intellektual inkişafın önəmini qeyd edib, yarış iştirakçılarına uğurlar arzulayıblar. Həmçinin Zəfər Gününün xalqımızın tarixi yaddaşında mühüm yer tutduğunu xatırladaraq, şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı diləyiblər.
Marsol Group-un partnyoru olan 27 şirkət və dövlət qurumlarının təmsil olunduğu yarışmada ümumilikdə 200-ə yaxın iştirakçı bilik və məntiq yarışı aparıb. Gərgin və maraqlı keçən yarışmada komandalar müxtəlif mövzular üzrə suallara cavab verərək intellektual mübarizə aparıblar.
Yarışmanın yekununda “Birbank Biznes” komandası “4-cü Marsol Zəfər Kuboku”nun qalibi olub. “Roof Academic Training” şirkəti ikinci, “Pasha Life” komandası isə üçüncü yeri qazanıb. Qalib komandalar diplom, medal, pul mükafatı və dəyərli hədiyyələrlə təltif olunublar.
Tədbirin tərəfdaşları sırasında Dövlət Vergi Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), Dövlət Məşğulluq Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu və Birbank Biznes yer alıb. Yarışın promo tərəfdaşı “Moon Group”, könüllü dəstəyi isə “İCMA Könüllüləri” və Marsol Academy tərəfindən təmin olunub.
14:36 02.11.2025
Oxunuş sayı: 1986