Bakıda bu avtobuslar da yenilənir
 
                                            "Elmlər Akademiyası" metrostansiyasını Bayıl parkı ilə əlaqələndirən 53 nömrəli şəhərdaxili marşrut üzrə 2025-ci il istehsalı olan, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunan, həmçinin daha müasir avtobuslar fəaliyyət göstərəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata əsasən, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn Transkontrol MMC avtobuslarla xəttin istismarını noyabrın 1-dən həyata keçirəcək. Marşrut üzrə ümumilikdə 10 avtobus 10-11 dəqiqə intervalla sərnişinlərin xidmətində olacaq.
Bundan əlavə noyabrın 1-dən Bakıda 81 və 160 nömrəli marşrutlarda istismar olunan avtobuslar da dəyişdiriləcək.
Köhnə Günəşli və Qaraçuxur qəsəbələrini əlaqələndirən 81 nömrəli marşrut üzrə sərnişinlərin ixtiyarına veriləcək 20 ədəd "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xəttə buraxılması ilə marşrut üzrə hərəkət intervalı 6 dəqiqə təşkil edəcək. Marşrut üzrə gediş haqqı 0,60 manat müəyyən edilib.
Binə qəsəbəsini "Koroğlu" metrostansiyası ilə əlaqələndirən 160 nömrəli müntəzəm marşrut üzrə xəttə buraxılacaq 18 avtobus da müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilib. Avtobuslar 6-7 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrut üzrə gediş haqqı 0,70 manat müəyyən edilib.
Hər iki marşrutda ödənişlər nağdsız qaydadadır.
16:59 31.10.2025
Oxunuş sayı: 1341
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        