Bakı və Sofiya strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün yeni addımları razılaşdırıb
 
                                            Azərbaycan və Bolqarıstan ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün yeni addımlar barədə razılığa gəlib.
Crossmedia.az Bolqarıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu qərar oktyabrın 30-31-də Sofiyada keçirilmiş iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının yeddinci iclasının yekunu üzrə qəbul edilib.
İclasa Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Bolqarıstanın energetika naziri Jeço Stankov həmsədrlik edib. Görüşdə ikitərəfli münasibətlərin dərinləşdirilməsi istiqamətində konkret addımlar müzakirə olunub.
Nazirlər iki ölkə arasında fəal əməkdaşlıq çərçivəsində onlarla sazişin imzalanmasının münasibətlərin davamlı inkişafının aydın göstəricisi, enerji sektorunun isə tərəfdaşlığın aparıcı istiqaməti olduğunu vurğulayıblar.
"Tədarük olunan Azərbaycan qazı Bolqarıstanın istehlakının təxminən üçdə birini ödəyir və regionun enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır. Avropa üçün vacib layihə olan "Cənub Qaz Dəhlizi"ni dəstəkləyən ilk ölkələrdən biri kimi Bolqarıstan "yaşıl dəhliz"lərin yaradılması və Xəzər regionundan davamlı enerji ötürülməsi təşəbbüslərində iştirak etmək niyyətini təsdiqləyib", - məlumatda deyilir.
Həmsədrlər qeyd ediblər ki, hökumətlərarası komissiyanın fəaliyyəti iqtisadi əlaqələrin yüksələn xətlə inkişafı üçün möhkəm zəmin yaradır.
"Ölkələrimiz arasındakı münasibətlərin əsas komponenti energetikadır, lakin biz ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün bir sıra digər imkanlar da görürük", - J.Stankov bildirib. O, əlaqələrin dərinləşdirilməsi üçün potensial istiqamətlər kimi kənd təsərrüfatı, nəqliyyat, sənaye, müdafiə sənayesi və digər sahələri vurğulayıb.
"Bolqarıstan və Azərbaycan arasındakı tərəfdaşlıq iqtisadiyyatlarımızın rəqabət qabiliyyətini artırmağa imkan verəcək strateji ölçüyə malikdir. Müzakirə olunan mövzuların geniş spektri və qarşılıqlı faydalı layihələr birgə işin nəticələrini nümayiş etdirir", - J.Stankov əlavə edib.
İclasın sonunda nazirlər ikitərəfli tərəfdaşlığın dərinləşdirilməsi üçün konkret öhdəlikləri və addımları nəzərdə tutan protokol imzalayıblar.
Bundan başqa, iclas çərçivəsində hər iki ölkədən 100-ə yaxın şirkətin iştirakı ilə biznes forum keçirilib. Bolqarıstanın energetika nazirinin müavini İva Petrova vurğulayıb ki, bu cür platformalar davamlı tərəfdaşlığın inkişafına və biznes üçün yeni imkanların yaradılmasına töhfə verir.
13:35 31.10.2025
Oxunuş sayı: 1714
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        