Azərbaycan mediasını hədəfə almaq qardaşlıq və dostluq münasibətlərimizə zərər verə bilər - AÇIQLAMA
Son dövrlərdə Türkiyə mətbuatında Azərbaycana aid yayılan bəzi məlumatlar yanlış və dezinformasiyaya əsaslanır. Xüsusilə dünya ravvinləri, onların Bakıda toplantı keçirəcəkləri ilə bağlı yayılan xəbərlər həm faktlarla uyğun gəlmir, həm də qardaşlıq və dostluq münasibətlərimizi düzgün əks etdirmir.
Mövzu ilə bağlı Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Crossmedia.az-a açıqlama verib. O bildirib ki, ravvinlər mövzusu Azərbaycan mediasında və hökumətində geniş müzakirə predmetinə çevrilməyib: ‘’Bakı toplantısı ilə bağlı nə təsdiq, nə də təkzib verilməyib. Təəssüflər olsun ki, son dövrlərdə Türkiyə mediasında Azərbaycan dövlətinə və mediasına qarşı saxta dezinformasiyaların yayıldığına şahid oluruq. Bu, çox təəssüf doğuran bir haldır və baş verən hadisə ilk deyil. Əvvəllər də Türkiyə mətbuatında Azərbaycanla bağlı bəzi yanlış məlumatlar yayılmışdı. Hətta bununla bağlı Türkiyə Cümhurbaşkanlığı yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi də xəbərin yanlış olduğunu açıqlamışdır".

H. Hacıbəy qeyd edib ki, buna baxmayaraq, bu gün də ravvinlərin toplantısı ilə bağlı Türkiyə mətbuatında yayılan xəbərlər tamamilə saxta dezinformasiyalardır və qardaşlıq, dostluq münasibətlərimizə uyğun deyil: ‘’Məlumata görə, ravvinlər həmin konfransı Azərbaycanda keçirməyi planlaşdırmamış və tədbiri təxirə salmışlar. Belə olan halda Azərbaycan mediasını hədəfə almaq qardaşlıq və dostluq münasibətlərimizə zərər verə bilər. Türkiyə ictimaiyyəti, əlaqəli qurumlar və media qurumları bu kimi dezinformasiyalara qarşı daha aktiv olmalı və onların yayılmasının qarşısını vaxtında almalıdırlar’’.
Sevinc Yarməmmədova
16:51 30.10.2025
Oxunuş sayı: 2140