Cənubi Qafqazda yeni reallıqlar: Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin bərpası gündəmdə
Cənubi Qafqazda baş verən geosiyasi və iqtisadi dəyişikliklər fonunda Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin bərpası məsələsi yenidən aktuallaşıb. Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyanın sözlərinə görə, İrəvan Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlıdır. O bildirib ki, Azərbaycanın ixrac potensialı Ermənistanın idxal tələblərinə uyğun gəlir və bu, tərəflər üçün qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaradır.
Eyni zamanda, Ermənistanın Türkiyə ilə ticarət dövriyyəsinin artması regionda iqtisadi münasibətlərin normallaşması prosesinin getdiyinə işarə kimi qiymətləndirilir.
Milli Məclisin sabiq deputatı, tanınmış ictimai-siyasi xadim, iqtisadçı-alim Vahid Əhmədov Crossmedia.az-a açıqlamasında bildirib ki, bu proses artıq faktiki olaraq başlayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu istiqamətdə verdiyi qərarlar nəticəsində Azərbaycan hökuməti dəhlizin – “Tramp yolu”nun açılmasına razılıq verib və Qazaxıstandan gətirilən taxıl artıq həmin yol vasitəsilə daşınıb.
V. Əhmədov qeyd edib ki, son dövrlərdə Azərbaycan-Ermənistan münasibətləri müsbət istiqamətdə inkişaf edir: “8 avqustda Amerikada imzalanan razılaşmalar, dəhlizin çəkilməsi, sülh sazişinin paraflanması kimi hadisələr göstərir ki, iki ölkə arasında münasibətlər getdikcə normallaşır. Həmçinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qarşılıqlı səfərləri və görüşləri də yaxınlaşma prosesinin tərkib hissəsidir".
Sabiq deputat hesab edir ki, sülh sazişi hələ imzalanmasa da, atılan addımlar müsbət nəticələrə yol aça bilər: “Bu yolun açılması Azərbaycan və Ermənistan arasında mal mübadiləsinin başlanmasına səbəb ola bilər. Amma burada əsas məsələ hansı məhsulların ixrac və idxal olunacağıdır. Hələlik tələsməyə ehtiyac yoxdur, lakin əlaqələrin qurulması müsbət haldır".
V.Əhmədov həmçinin qeyd edib ki, yaxın günlərdə Avropa Birliyi Sammitinin İrəvanda keçirilməsi və ora Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin dəvət olunması barədə məlumatlar regionda münasibətlərin normallaşması istiqamətində mühüm siqnaldır: “Bu proses gec-tez baş verməli idi. Çünki ABŞ kimi supergüc bu məsələnin arxasındadır və Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması üçün fəal şəkildə çalışır".
Onun sözlərinə görə, bu, uzunmüddətli, mərhələli proses olacaq, lakin müsbət istiqamətdə irəliləyir: “Əlbəttə, bu, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərin unudulması demək deyil. Amma iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin tədricən qurulması vacib və zəruri addımdır".
Mehriban Yariyeva
12:00 29.10.2025
Oxunuş sayı: 1907