Türkiyə Azərbaycandan daha çox qaz almaq istəyir - Rəy
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə 7 milyard 843,39 milyon kubmetr təbii qaz nəql olunub. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz artım deməkdir. Təkcə avqust ayında ixrac həcmi əvvəlki dövrlə müqayisədə 1,4 dəfə yüksələrək 1 milyard 47,27 milyon kubmetrə çatıb. Artım tendensiyası Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş statusunun daha da möhkəmləndiyini, eləcə də Türkiyənin enerji təhlükəsizliyində ölkəmizin rolunun daim artırıldığını göstərir.
Türkiyəyə təbii qaz tədarükü həm TANAP, həm də digər mövcud boru kəməri infrastrukturunun səmərəli fəaliyyəti hesabına təmin olunur. Azərbaycanın ixrac gücünün ildən-ilə genişlənməsi Cənub Qaz Dəhlizinin regional və qlobal enerji bazarında strateji əhəmiyyətini artırır, nəticə etibarilə həm ikitərəfli enerji əməkdaşlığını, həm də Avropanın enerji marşrutlarının şaxələndirilməsi siyasətini dəstəkləyir.
Mövzu ilə bağlı İqtisadçı Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib:
"Azərbaycan uzun illərdir ki, Türkiyənin qaz təminatında ciddi rol oynayır. Türkiyə bizim üçün həm qaz bazarı, həm də tranzit ölkədir. Yəni, Azərbaycanın vacib infrastruktur layihələri, TANAP və TAP layihəsi Bakı, Tbilisi, Ərzurum qaz boru xətti bütün bunlar Türkiyə ərazisindədir. Əsasən də TANAP və TAP Türkiyə ərazisindən keçir.Təbii ki, Türkiyə ilə həm qaz enerji anlaşmaları, həm transit anlaşmaları bizim üçün çox önəmlidir. Sadəcə, Türkiyə Azərbaycandan daha çox qaz almaq istəyir”.
Ekspert bildirib ki, ancaq Azərbaycanın indiki hasilat və satış imkanları məhduddur: “Əsas premium bazar, daha baha qiymət olan bazar Avropa bazarıdır və Azərbaycan çalışır ki, İtaliyaya ixracatını artırsın. İtaliyada ortalama qiymət, məsələn, keçən il 505 dolara yaxın olmuşdur ki, bu kifayət qədər yüksək qiymətdir. Ona görə də Türkiyə ilə gələcək də enerji sahəsində əməkdaşlığın yeni yolları və formulları axtarılır. Məsələn, Türkmənistan qazının İran və Azərbaycan üzərindən Türkiyəyə nəqli, İraqda, Şimali İraqda qaz hasilatı və onun Türkiyə nəqli, burada da Azərbaycan iştirak eləyir və bununla bağlı SOCAR-ın orada araşdırmaları var. Yəni, bütün bu indi fəaliyyətdə olan və gələcəkdə nəzərdə tutulan layihələr Azərbaycan və Türkiyənin enerji sahəsində əməkdaşlığının daha da möhkəmlənməsinə səbəb olacaq”.
Zeynəb Xuduyeva
17:35 27.10.2025
Oxunuş sayı: 1968