Marsol Group Berlin-də azərbaycanlı və türkiyəli iş adamları ilə görüş keçirdi
Oktyabrın 24- də Marsol Group-un Avropa səfəri çərçivəsində Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin müavini Samir Rzayev, Marsol Group-un partnyorları, eləcə də Almaniyada fəaliyyət göstərən azərbaycanlı və türkiyəli iş adamlarının iştirakı ilə axşam ziyafəti formatında işgüzar görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə çıxış edən İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev İCMA və Marsol Group-un fəaliyyəti, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən layihələr, eləcə də Avropa səfərinin məqsədləri barədə məlumat verib. O, səfərin əsas məqsədinin Azərbaycan sahibkarlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, Avropa bazarlarına çıxış imkanlarının artırılması və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi olduğunu vurğulayıb.
Azərbaycanın Almaniyadakı səfirinin müavini Samir Rzayev çıxışında Almaniyada fəaliyyət göstərən azərbaycanlı iş adamlarına yaradılan şərait, səfirliyin bu istiqamətdə həyata keçirdiyi dəstək mexanizmləri və yeni layihələr barədə danışıb.
Tədbir çərçivəsində iştirak edən sahibkarlar öz fəaliyyət istiqamətləri barədə məlumat verərək qarşılıqlı tanışlıq aparıblar. Görüş zamanı Avropada biznes imkanları, potensial əməkdaşlıq istiqamətləri və təcrübə mübadiləsi mövzularında səmərəli müzakirələr aparılıb.
Axşam ziyafəti səmimi və işgüzar atmosferdə keçib, iştirakçılar arasında yeni əlaqələrin qurulmasına və gələcək əməkdaşlıq perspektivlərinin formalaşmasına imkan yaradıb.
17:36 25.10.2025
Oxunuş sayı: 1293