Azərbaycan Qazaxıstan üçün təkcə tranzit ölkə deyil, həm geoiqtisadi platforma və regional sabitliyin təminatçısıdır - Deputat

Son illərdə Türk dövlətləri arasında inteqrasiya prosesləri yeni mərhələyə qədəm qoyub. Bu inteqrasiyanın mərkəzində qarşılıqlı etimad, ortaq mədəni irs və iqtisadi tərəfdaşlıq dayanır. Regional və qlobal çağırışlar fonunda Türk dünyasının həm siyasi, həm iqtisadi, həm də nəqliyyat-kommunikasiya baxımından bir-birinə yaxınlaşması zərurətə çevrilib. Bu kontekstdə Azərbaycan ilə Qazaxıstan arasındakı əməkdaşlıq təkcə iki ölkə münasibətlərini deyil, bütövlükdə Türk coğrafiyasında vahid strateji xəttin formalaşmasını təmin edir. Prezident İlham Əliyevin Qazaxıstana səfəri çərçivəsində də dövlətlər arasındakı münasibətlərin səviyyəsi bir daha aydın oldu. Qazaxıstan prezidenti Kasım Tokayevin "Azərbaycanla çoxşaxəli əməkdaşlığın inkişafı Qazaxıstan üçün prioritetdir" fikri də dövlətlərarası siyasi-iqtisadi münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Milli Məclisin deputatı Aqil Abbas Qazaxıstan və Azərbaycan arasındakı yeni əməkdaşlıqlar və prioritetlərlə bağlı fikirlərini Crossmedia.az-la bölüşüb: "Türk dövlətləri günbəgün bir-birinə daha da yaxınlaşır. Bu yaxınlaşma təkcə mədəni sahədə deyil, eyni zamanda iqtisadi, siyasi və digər bütün istiqamətlərdə özünü göstərir və böyük strateji əhəmiyyət daşıyır. Qazaxıstan üçün Azərbaycan Avropaya çıxış baxımından əsas körpü rolunu oynayır. Çünki hazırkı geosiyasi şəraitdə, xüsusilə də Rusiyadan keçən marşrutların müəyyən qədər məhdudlaşması fonunda, Qazaxıstanın Avropaya çıxışı üçün ən əlverişli yol məhz Azərbaycan ərazisindən keçir. Buna görə də Aktau limanından yüklərin Xəzər üzərindən Azərbaycana, ordan isə qərb istiqamətinə daşınması strateji əhəmiyyət kəsb edir. Fiber-optik və digər sualtı kommunikasiya xətlərinin çəkilməsi də bu logistik inteqrasiyanı daha da gücləndirir. Çinlə Avropa arasındakı ticarət axınının mühüm hissəsinin məhz Azərbaycan üzərindən keçməsi həm Qazaxıstan, həm də bütövlükdə Türk dünyası üçün əlavə üstünlüklər yaradır. Bu baxımdan Azərbaycan Qazaxıstan üçün təkcə tranzit ölkə deyil, həm də strateji tərəfdaş, geoiqtisadi platforma və regional sabitliyin təminatçısıdır".
Ayhan
15:41 21.10.2025
Oxunuş sayı: 989