Azərbaycan və Qazaxıstan arasında əlverişli investisiya mühiti mövcuddur - Deputat

Qazaxıstan və Azərbaycan arasındakı münasibətlər sadəcə diplomatik əməkdaşlıq çərçivəsini aşaraq, ortaq tarixi yaddaş, mənəvi dəyərlər və türklük kimliyi üzərində formalaşan qardaşlıq modelinə söykənir. Bu əlaqələr regionda sabitliyin və strateji təşəbbüslərin əsas dayaqlarından biri kimi çıxış edir. Ortaq mədəni irs, siyasi etimad və qarşılıqlı dəstək ikitərəfli əməkdaşlığı davamlı və dinamik edən başlıca amillərdir. Xüsusilə son illərdə iqtisadi, logistik, enerji, rəqəmsal infrastruktur və humanitar sahələrdə genişlənən əməkdaşlıq iki ölkə arasında strateji müttəfiqliyi daha da gücləndirərək yeni inkişaf mərhələsinə çıxarıb. Azərbaycan və Qazaxıstan bu gün təkcə regional deyil, həm də beynəlxalq miqyasda bir-birini tamamlayan tərəfdaş kimi çıxış edərək böyük geosiyasi layihələrin həyata keçirilməsində mühüm rol oynayırlar.
Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycan-Qazaxıstan münasibətləri ilə bağlı Crossmedia.az-a açıqlama verib: "Azərbaycan və Qazaxıstan təkcə dost dövlətlər deyil, həm də ortaq dilə, mədəniyyətə və tarixi köklərə söykənən qardaş xalqlardır. İki ölkə arasındakı münasibətlər bütün beynəlxalq platformalarda yüksək səviyyədə təmsil olunur və bu əlaqələr dərin strateji tərəfdaşlıq üzərində qurulub. Prezident İlham Əliyevin Kazinform agentliyinə verdiyi son müsahibə göstərir ki, Azərbaycan-Qazaxıstan əlaqələri siyasi dialoq, nəqliyyat-logistika, enerji və yaşıl iqtisadiyyat sahələrində sürətlə inkişaf edir. Dövlət başçısı xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı regional inteqrasiya üçün mühüm platforma kimi qiymətləndirib. Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı yüksək səviyyəli səfərlər mütəmadi təşkil olunur və bu hal siyasi münasibətlərin möhkəm təməldən qaynaqlandığını sübut edir. Orta Dəhlizin geosiyasi və iqtisadi əhəmiyyəti fonunda nəqliyyat və logistika sahəsində əməkdaşlıq daha da genişlənir. 2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 470 milyon dollar təşkil etmişdisə, 2025-ci ilin yanvar-avqust aylarında bu rəqəm üç dəfə artaraq 547 milyon dollara çatıb. 2024-cü ildə transit daşımaların həcmi əvvəlki illə müqayisədə 20 faiz artaraq 5 milyon tonun üzərinə çıxıb".
Deputat qeyd edib ki, investisiya sahəsində də əməkdaşlıq genişlənməkdədir. Qazaxıstanın Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayə 225 milyon dollara yaxınlaşır, Azərbaycandan Qazaxıstana yatırılan sərmayə isə 136 milyon dolları keçir: “Azərbaycanda Qazaxıstan kapitalı ilə yaradılmış kommersiya qurumlarının sayı 250-yə yaxındır ki, bu da əlverişli investisiya mühitindən xəbər verir. Rəqəmsal infrastrukturun inkişafı istiqamətində Xəzərin dibi ilə fiber-optik kommunikasiya xəttinin çəkilməsi layihəsi xüsusi əhəmiyyətə malikdir. Müqavilə 2025-ci ilin mart ayında imzalanıb, layihənin tamamlanması isə 2026-cı ilin sonuna planlaşdırılır. Bu təşəbbüs regionun rəqəmsal bağlantısını gücləndirəcək. Yaşıl enerji və bərpa olunan enerji sahəsində əməkdaşlıq da inkişaf edir. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin inteqrasiyasını nəzərdə tutan strateji sənədlər imzalanmışdır. Bu addım enerji təhlükəsizliyinin və alternativ enerji mənbələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".
A.Allahverənov həmçinin qeyd edib ki, humanitar, mədəni və elmi əməkdaşlıq da yüksək səviyyədədir: “Beynəlxalq Türk Akademiyası, TÜRKSOY və digər platformalar çərçivəsində ortaq layihələr xalqlar arasında mənəvi yaxınlığı daha da gücləndirir. Təhsil, mədəniyyət və elm sahəsində geniş əməkdaşlıq bu birliyi daha dayanıqlı edir. Azərbaycan və Qazaxıstan arasında imzalanmış təxminən 170 hüquqi sənəd mövqelərin strateji müttəfiqlik müstəvisində daha da möhkəmlənməsini təmin edir. Bu il iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik haqqında müqavilənin imzalanmasının 20 ili tamam olur ki, bu da münasibətlərin davamlı inkişaf xəttinə malik olduğunu göstərir. Hər iki ölkə üçün ortaq olan ekoloji çağırışlar, xüsusilə Xəzər dənizinin suyunun azalması və iqlim dəyişmələrinin fəsadları da birgə fəaliyyətin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə əməkdaşlıq ekosistemin qorunmasına və regional risklərin azaldılmasına xidmət edir".
Ayhan
15:39 21.10.2025
Oxunuş sayı: 1299