Ermənistan "qaynayır": Hökumət üçün risklər var

Ermənistanda Gümrü meri Vardan Quqasyanın həbsi siyasi dairələrdə rezonans doğurub. Bəzi ekspertlər bu addımı korrupsiya əməliyyatı kimi dəyərləndirsə də, digərləri baş nazir Nikol Paşinyanın seçkiqabağı mübarizəsinin və Rusiyaya yaxın qüvvələrin zəiflədilməsinin tərkib hissəsi hesab edirlər.
Ümumiyyətlə, son zamanlar Ermənistanda daxili siyasi vəziyyət kifayət qədər gərgindir. Bu, Paşinyan hakimiyyəti üçün təhdidləri artırır.
Ölkədə baş verənləri Crossmedia.az-a şərh edən politoloq Zeynal Əmrəliyev bildirib ki, Ermənistanda Gümrü şəhərinin meri Vardan Quqasyanın həbsi ölkədə seçkiqabağı siyasi proseslər fonunda geniş müzakirələrə səbəb olub: "Ekspertlər bu hadisəni baş nazir Nikol Paşinyanın həm korrupsiya ilə mübarizə kampaniyasının tərkib hissəsi, həm də Rusiyaya sadiq qüvvələri siyasi meydandan uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirirlər. İlk növbədə qeyd etmək lazımdır ki, Ermənistan Kommunist Partiyası postsovet məkanındakı digər eyniadlı partiyalar kimi sovet ideologiyasının daşıyıcısıdır və Rusiyaya yaxınlığı ilə tanınır. Bu baxımdan həmin partiyanın "5-ci kolon" kimi fəaliyyət göstərməsi barədə fikirlər də mövcuddur. Gümrüdə Rusiya hərbi bazasının yerləşməsi isə Paşinyanın bu şəhərdəki siyasi nüfuzunu xeyli zəiflədir. Vardan Quqasyan 1999–2012-ci illərdə 13 il ərzində Gümrünün meri olub. Bu müddətdə o, şəhərdə klan idarəçiliyi formalaşdıraraq iqtisadi sahələrin əhəmiyyətli hissəsini Rusiyaya yaxın iş adamları arasında bölüşdürüb. Məhz bu səbəbdən onun həbsi erməni mətbuatında “Gümrü mafiyası ilə mübarizə” kimi təqdim olunub. Gümrünün müxalifətin nəzarətindən çıxması həm də müxalif qüvvələrin iqtisadi imkanlarının zəifləməsinə gətirib çıxara bilər".
Ekspert əlavə edib ki, Gümrü İrəvandan sonra Ermənistanın ikinci ən böyük iqtisadi mərkəzidir: "Tenderlərin meriya tərəfindən idarə olunduğunu nəzərə alsaq, Quqasyanın vəzifədən uzaqlaşdırılması müxalifət və Rusiyaya yaxın biznes çevrələri üçün ciddi zərbə sayılır. Son zamanlar şəhərdə tikinti sahəsində yaranan qalmaqallar da vəziyyəti gərginləşdirib. Şəhər merinin həbsi ilə yanaşı, baş memar və daha 8 nəfər də saxlanılıb. Onlar tikinti tenderlərində saxtakarlıq və korrupsiya əməllərində ittiham olunurlar. Bundan əlavə, Quqasyanın yaxın çevrəsinə məxsus şəxslərə bələdiyyə torpaqlarını qanunsuz icarəyə verdiyi də müəyyən edilib. Bu isə həbslərin davam edəcəyinə işarədir".
Politoloq qeyd edib ki, Paşinyan növbəti mərhələdə Gümrüdəki tikinti və torpaq mafiyasını tam zərərsizləşdirmək istiqamətində addımlar ata bilər: "Bununla belə, prosesin siyasi nəticələri hökumət üçün müəyyən risklər yaradır. Müxalifət hadisəni siyasi repressiya kimi təqdim edərək hökumətin seçki öncəsi rəqiblərini sıradan çıxarmaq cəhdi olduğunu iddia edir. Bu məsələ Avropa institutlarında da müzakirə mövzusuna çevrilə bilər ki, bu da Ermənistanın Avropa İttifaqına inteqrasiyası prosesinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, Gümrüdə baş verən həbslər şəhərin biznes mühitinə də zərbə vurub. İş adamlarının maraqlarının zədələnməsi növbəti seçki ərəfəsində gərginliyi daha da artıra bilər. Ekspertlər istisna etmirlər ki, Rusiyanın vəziyyətdən istifadə edərək şəhərdə təxribat yaratmaq və hərbi bazasının mövqelərini möhkəmləndirmək cəhdləri də ola bilər. Bütün bu səbəblərdən Ermənistan hökumətinin Gümrüdə təhlükəsizlik tədbirlərini gücləndirməsi və mümkün təxribatların qarşısını almaq üçün daha sərt nəzarət mexanizmləri tətbiq etməsi gözlənilir".
Türkan Kərimli
14:19 21.10.2025
Oxunuş sayı: 1747