Paşinyanın bəyanatı balans axtarışı xarakteri daşıyır – politoloq

Ermənistanın baş naziri tərəfindən səsləndirilən bu fikir müəyyən mənada yeni bir mühitdə ictimai şüuru formalaşdırmaq və yönləndirmək məqsədi daşıyır. Digər tərəfdən isə Avropa siyasi dairələrindəki ermənipərəst qüvvələrə guya yaxın vaxtlarda Azərbaycanla sülhün mümkün olmayacağı barədə mesaj vermək xarakteri daşıyır.
Bu sözləri Crossmedia.az-a açıqlamasında politoloq Hüseyn İbrahimov Ermənistan baş naziri Nikol Paşinyanın AŞPA-dakı çıxışına münasibət bildirərkən deyib.
Ekspert qeyd edib ki, Paşinyan yaxın zamanda öz ölkə ictimaiyyətinə Ermənistan Konstitusiyasında Azərbaycana, hətta Türkiyəyə qarşı ərazi iddialarının olduğunu etiraf etsə də, başqa auditoriyalarda bu faktı təkzib etməsi onun hakimiyyətə gəldiyi vaxtdan bəri fəaliyyətinə xas davranışlardan biridir:
“ABŞ-da imzalanmış üçtərəfli razılaşmadan sonra Ermənistan rəhbərinin Avropa siyasi dairələrində bu cür bəyanatlarla çıxış etməsi nə gözlənilən, nə də arzuolunan haldır. Çünki Ermənistan həmin istiqamətdə öhdəliklər götürmüş və konkret addımlar atacağını bəyan etmişdi.
Ermənistan rəhbərliyi dünya siyasətində balans yaratmağa çalışsa da, bu balansı əslində regionda, xüsusilə də Azərbaycanla münasibətlərin normallaşdırılmasında axtarmalıdır.Ermənistan Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarını əks etdirən müddəalar qalmaqdadır. Onların aradan qaldırılması Azərbaycan dövlətinin əsas tələblərindən biridir. Bu, həm də Azərbaycan cəmiyyətinin haqlı istəyidir. Çünki 30 illik işğaldan əziyyət çəkmiş xalqımız Ermənistanın ərazi iddialarını ləğv etməsini gözləyir”.
Hüseyn İbrahimov bildirib ki, Paşinyanın Avropadakı çıxışları sadəcə balans axtarışıdır:
“Ən düzgün balans Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsi, referendumun keçirilməsi və ardınca Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. Yalnız bu halda Cənubi Qafqazda dayanıqlı balans və real əməkdaşlıq mühiti formalaşa bilər”.
Politoloq hesab edir ki, Ermənistan baş nazirinin hazırkı “balans” axtarışları mifoloji siyasi düşüncələrə əsaslanır və nəticə verməyəcək:
“Paşinyanın hakimiyyətə gəldiyi vaxtdan Qarabağla bağlı səsləndirdiyi iddialar necə reallığa çevrilmədisə, indiki balans axtarışları da uğursuz qalacaq”.
Nihat Tahirov
13:50 01.10.2025
Oxunuş sayı: 1019