Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Visiting Lecturer” layihəsi üzrə dərslərə başlanıb

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin
təşkilatçılığı ilə “Visiting Lecturer” layihəsi çərçivəsində 2025-2026-cı
tədris ili üzrə “İnternet üçün yazı mədəniyyəti” və “Sosial media kommunikasiya
strategiyaları” mövzusunda dərslərə başlanılıb.
Bu barədə
Crossmedia.az-a Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib
ki, ABŞ, Çin və digər müxtəlif ölkələrdə fəaliyyət göstərmiş beynəlxalq
kommunikasiya mütəxəssisi, 10 ildən artıq akademik və peşəkar təcrübəyə malik,
hazırda ABŞ-nin Valparaiso Universitetində magistr proqramının direktoru və
dosenti kimi fəaliyyət göstərən Dr. Tiffany J. Bell tərəfindən keçirilən
seminarda rəqəmsal mühitdə yazı üslubunun xüsusiyyətləri, onlayn auditoriya ilə
effektiv ünsiyyət metodları və sosial mediada kommunikasiya strategiyalarının
hazırlanması mövzuları müzakirə olunub.
Tiffany
J. Bell bildirib ki, müasir medianın inkişafı üçün yazılarda sadə, aydın və
interaktiv üslubun tətbiqi mühüm hesab olunur. O vurğulayıb ki, effektiv
kommunikasiya strategiyaları sayəsində informasiya mübadiləsi sürətlənir,
auditoriya ilə qarşılıqlı etimad və aktiv ünsiyyət güclənir. Seminarda sosial
şəbəkələrdə kontent və vizual materialların səmərəli şəkildə hazırlanması,
habelə auditoriyanın informasiya tələbatına uyğun kommunikasiya metodlarının
müəyyənləşdirilməsi ilə bağlı praktiki yanaşmalar təqdim olunub.
Qeyd edək
ki, müvafiq layihənin bütün ali təhsil müəssisələrinin jurnalistika ixtisasında
təhsil alan və media sahəsinə marağı olan gəncləri əhatə etməsi, həmçinin
layihə çərçivəsində açıq qeydiyyat əsasında müxtəlif mövzularda silsilə seminar
və vörkşopların keçirilməsi nəzərdə tutulub.
18:19 26.09.2025
Oxunuş sayı: 1962