Böyük Zəfərə aparan yolun 5 ili













Sentyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir AMEA Azad Həmkarlar İttifaqının və Mərkəzi Elmi Kitabxananın birgə təşkilatçılığı, alimlər, Vətən müharibəsinin qaziləri, şəhid ailəsi üzvlərinin iştirakı ilə baş tutub.
Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Vətən müharibəsində Qələbəmizin 5 illiyinin qeyd olunduğunu, Qarabağ savaşının Azərbaycan dövlətinin tarixində şanlı səhifələrdən biri olduğunu vurğulayıb. “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz 30 il işğal altında qalmış qədim Azərbaycan torpaqlarını azad etdi. Bu, tarix boyu qazandığımız ən böyük qələbədir. Prezident İlham Əliyevin müharibə günlərində dünyanın ən müxtəlif televiziyalarına verdiyi müsahibələr sözün əsl mənasında həm müharibənin ideologiyasını təşkil etdi, həm də müharibədə xalqımızın birliyi və həmrəyliyinin təmin olunmasına, səfərbərliyinə əsl çağırışlar kimi səslənərək ideoloji cəbhədə də qalibiyyətimizi təmin etdi”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.
AMEA rəhbəri çıxışında Azərbaycanın dünyada 44 gün ərzində özünün taleyini, mübarizəsini, ideallarını həll etməyi bacaran bir ölkə kimi böyük nüfuz əldə etdiyini, Azərbaycan xalqının qalib xalq, Azərbaycan Ordusunun qalib ordu, Müzəffər Ali Baş Komandanımızın isə qalib lider statusu qazandığını diqqətə çatdırıb. O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı mükəmməl bünövrə və Azərbaycan Prezidenti İlham Əliyevin qüdrətli sərkərdəlik məharəti, xalqımızın, ordumuzun birliyi bizim qalib xalq statusu qazanmağımızın əsl səbəbidir.
“2023-cü ilin sentyabrında bir günlük antiterror tədbirləri ilə xalqımızın əbədi və əzəli torpaqlarından erməni separatçılarının çıxarılması başa çatdı və ölkəmizin suverenliyi tam təmin olundu. Təsadüfi deyil ki, Prezident 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etdi. Ölkəmizdə keçirilən dünyamiqyaslı tədbirlər Azərbaycanı təkcə qalib ölkə kimi deyil, həm də suveren, müstəqil dövlət kimi tanıtdı. Dünyanın digər ölkələrində baş verən və sonu hələ də görünməyən müharibələrə nəzər salsaq, Qarabağda Azərbaycan Prezidentinin dəmir yumruğu ilə qazanılan Qələbənin nə demək olduğunu bu müqayisədə aydın şəkildə görə bilərik. Azərbaycan Prezidentinin BMT-nin iclas zalında böyük dövlətlərin rəhbərləri ilə görüşləri, danışıqları göstərir ki, ölkəmizə hansı səviyyədə ehtiram göstərilir. Vaşinqtonda 8 avqustda imzalanmış sənədlər, sülh müqaviləsinin paraflanması Prezident İlham Əliyevin 2020-ci ildə başladığı işi sülh müqaviləsi ilə başa çatdırmaq əzmində olduğunu göstərdi. Azərbaycan xalqı inanır ki, Prezident İlham Əliyevin müdrik siyasəti ilə, böyük iradəsi ilə tezliklə sülh müqaviləsi imzalanacaq və Zəngəzur dəhlizi açılacaq, Azərbaycan tranzit ölkə kimi yeni iqtisadi imkanlar, dostlar, tərəfdaşlar qazana biləcək”.
Akademik İsa Həbibbəyli bildirib ki, şəhidlərin qanı ilə azad edilmiş torpaqlarımız qorumaq hamımızın borcudur.
Şəhid kapitan Nurlan Mustafayevin anası Rahilə Ramazanova çıxış edərək, Vətən qarşısında ana borcunu yerinə yetirdiyini qürurla vurğulayıb. Bildirib ki, müharibənin ağır nəticələri gözlənilsə də, işğal altındakı torpaqların, eləcə də qürur və ləyaqətin qaytarılması qaçılmaz idi.
Vətən müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovun həyat yoldaşı Könül Həmidova əzizini itirməyin acısı ilə qüruru birgə yaşadığını bildirərək tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edib.
Tədbirdə, həmçinin şəhid kapitan Həmidağa Hüseynzadənin atası Bağı Həmidzadə və şəhid Rauf İbadovun atası Məhərrəm İbadov çıxış ediblər. Onlar bildiriblər ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə zabit və əsgərlər şərəfli missiyanı layiqincə yerinə yetirərək valideynlərini fəxarətli ediblər.
AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxışında 44 günlük Vətən müharibəsində əldə edilən Qələbənin xalqımızın birlik və qəhrəmanlığının göstəricisi olduğunu diqqətə çatdırıb. O, şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayaraq gənc nəslə bu Qələbənin fəlsəfəsini ötürməyin vacibliyindən danışıb. Bildirib ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında şəhid və qazilərin şücaətlərinin əbədiləşdirilməsi istiqamətində onlarca tədbir keçirilib. Akademiyada da şəhid ailə üzvləri, o cümlədən qazi əməkdaşları olduğunu diqqətə çatdıran S.Həsənov Vətənə layiqli oğullar yetişdirdikləri üçün şəhid və Vətən müharibəsi iştirakçılarının ailələrinə minnətdarlığını bildirib.
Sonda çıxış edən MEK-in Qarabağ müharibəsi fondunun müdiri, şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə Mərkəzi Elmi Kitabxanada şəhidlərin xatirəsinin əbədiləşdirilməsində mühüm işlərin görüldüyünü, bu mövzuda yazılmış yeni nəşrlərin, elmi işlərin, məlumatların toplanıldığını bildirib.
12:22 26.09.2025
Oxunuş sayı: 2901