Azərbaycana qarşı edilən informasiya müharibəsinin başında Rusiya dayanır - RƏY

Son dövrlər bir sıra xarici ölkələrin informasiya resurslarında və sosial media seqmentlərində Azərbaycana qarşı növbəti dezinformasiya kampaniyasının başlanması müşahidə olunur. Bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) açıqlama yayıb. Qeyd olunub ki, yayılan məlumatların bir qismində guya Azərbaycanın üçüncü ölkə vasitəsilə Ukraynanı silahlandırmasına dair saxta xəbər, digər qismində isə Azərbaycanın İsrailə görə Avroviziya Mahnı Müsabiqəsində iştirakdan imtinası ilə bağlı həqiqəti əks etdirməyən iddialar yer alıb. Bildirilib ki, Azərbaycana qarşı dezinformasiya yayan yuxarıda qeyd olunmuş media resurslarının saxta xəbərlərinin təsiri altında Türkiyə mediasında və sosial media seqmentində bu kimi materialların yenidən tirajlanması dərin təəssüf hissi doğurur.
Agentlik beynəlxalq ictimaiyyəti, media resurslarını, jurnalistləri və ictimai fəalları bu kimi dezinformasiya və saxta xəbərlərə inanmamağa çağırıb, belə hallara qarşı prinsipiallıq, sayıqlıq nümayiş etdirməyə səsləyib.
Maraqlıdır bəs bu cür saxta xəbərlərin yayılmasında nə kimi maraqlar var?
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən professor, BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərrəmli ölkəmizə qarşı bu kimi halların əsas olaraq Rusiya tərəfindən həyata keçirildiyini qeyd edib:
"Azərbaycana qarşı aparılan informasiya müharibəsi yeni bir hal deyil və onun əsas mənbəyi məhz Rusiyadır. Saxta profillər, yalan məlumatlar və dezinformasiya kampaniyaları da məhz həmin mənbədən qaynaqlanır. Buna görə də Azərbaycanın əsassız şəkildə ittiham olunması heç bir məntiqə sığmır. Məsələn, ABŞ Prezidenti Donald Tramp BMT tribunasındakı çıxışında və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra verdiyi açıqlamada Rusiyanın və Putinin dərin böhran içində olduğunu qeyd etmişdi. Bu da göstərir ki, mövcud vəziyyətin səbəbkarı Azərbaycan deyil".
Professor, həmçinin bəzi dövlətlərin Azərbaycanın dostu olmaya bilər, lakin ölkəmizə qarşı düşmənçilik nümayiş etdirmək sağlam məntiqdən uzaq olduğunu bildirib: "Hesab edirəm ki, belə iftiraların qarşısı yalnız həqiqətlərin açıqlanması ilə alına bilər. Bu baxımdan Azərbaycan mətbuatı və televiziya kanalları informasiya müharibəsində ayıq-sayıq olmalı və ölkəmiz haqqında obyektiv həqiqətləri geniş auditoriyaya çatdırmalıdır".
Elmir Heydərli
15:00 24.09.2025
Oxunuş sayı: 3899