Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən 225-ci qatarın qarşılanma mərasimi keçirilib

Bu gün Abşeron Logistika Mərkəzində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutunun 5 illiyi və Yivu (Çin) – Bakı (Azərbaycan) qatarının qarşılanmasına həsr edilmiş tədbir keçirilib.
Crossmedia.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rəsmilərinin də iştirak etdiyi tədbir çərçivəsində Çin (Çjetszyan) – Avropa Dəmiryol Ekspres marşrutu üzrə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutundan keçən sayca 237-ci blok-qatar qarşılanıb.
TBNM üzrə Yivu–Bakı qatarı ilə gətirilmiş konteyner yüklərin Azərbaycan üzərindən Türkiyə və Avropa bazarlarına göndərilməsi təmin ediləcək.
Mərasimdə bildirilib ki, son dövrlərdə Çinlə Azərbaycan arasında nəqliyyat, xüsusilə dəmir yolları ilə daşımalar sahəsində münasibətlər genişlənməyə davam edir. İyul ayında ADY və “Çin Dəmir Yolları” Dövlət Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin potensialının artırılmasına dair razılığın əldə olunması, Sian Limanında ADY nümayəndəsinin təyin edilməsi və illik yükaşırma gücü 20 000 TEU olan konteyner meydançasının açılması, ötən ay isə Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulması iki ölkənin səmərəli əməkdaşlığının Orta Dəhlizin inkişafı və Şərq-Qərb-Şərq daşımaları baxımından əhəmiyyətini bir daha nümayiş etdirir.
10:26 09.09.2025
Oxunuş sayı: 960