Rusiyada özbək miqrantın təhqir olunması vəziyyəti gərginləşdirdi: Özbəkistan sərt mövqe tutmaqdadır

Özbəkistan Xarici İşlər Nazirliyi Rusiya XİN-ə rəsmi nota göndərib. Bu, avqustun sonunda Ximkidə özbəkistanlı taksi sürücüsünün Rusiya vətəndaşı tərəfindən təhqir olunması ilə bağlıdır. Notada həmin şəxsin kimliyinin müəyyən edilməsi və qanunvericiliyə uyğun addımların atılması tələb olunub. Özbəkistan XİN vurğulayıb ki, vətəndaşları harada olmasından asılı olmayaraq dövlət qoruması altındadır. İnsidentin görüntülərində rusiyalı şəxsin sürücüyə qarşı kobud ifadələr işlətməsi və onu “rusların qulu” adlandırması əks olunub, mübahisənin səbəbi isə avtomobilin həyətə girişinə maneə olması olub.
Mövzunu şərh edən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Qalib Ağayev Crossmedia.az-a bildirib ki, bu hadisə həm simvolik, həm də praktik nəticələr doğura bilər: "Özbəkistan XİN-in rəsmi nota göndərməsi göstərir ki, Daşkənd məsələni sadə məişət insidenti kimi deyil, diplomatik diqqət tələb edən hadisə kimi qiymətləndirir. Bu, Moskva üçün də siqnaldır. Özbəkistan vətəndaşlarının hüquqları Rusiya ərazisində diqqətsiz qala bilməz. Rusiya tərəfinin reaksiyası münasibətlərin gələcək tonunu müəyyən edəcək. Əgər Moskva hadisəni “adi mübahisə” kimi yumşaltmağa çalışsa, gərginlik yarana bilər. Qanun çərçivəsində addımlar atılarsa, münasibətlər qorunub saxlanacaq.
Rusiyada miqrantlara qarşı mənfi münasibət uzun müddətdir mövcuddur. Belə insidentlər ictimai emosiyaları artırır. Özbəkistanda isə insanlar dövlətin vətəndaşlarını müdafiə etməsini müsbət qarşılayır, amma Rusiyada çalışan qohumlarının təhlükəsizliyi ilə bağlı narahatlıqları güclənə bilər.
Qısamüddətli dövrdə vəziyyət ciddi dəyişməyəcək. Lakin belə hallar davamlı olarsa, Özbəkistan işçi qüvvəsini Türkiyə, Cənubi Koreya və Qətər kimi alternativ bazarlara yönəltməyə çalışa bilər. Rusiyada isə bəzi siyasi qüvvələr bunu miqrasiya siyasətini sərtləşdirmək üçün istifadə edə bilərlər.
Rusiya iqtisadiyyatı hələ də Mərkəzi Asiyadan gələn işçi qüvvəsindən asılıdır. Buna görə Moskva belə insidentlərin böyüməsini istəmir. Amma ictimai rəydə artan qıcıq hökuməti çətin vəziyyətə sala bilər".
Ümumilikdə ekspertin fikrincə, bu hadisə münasibətləri kökündən dəyişməyəcək, amma siqnal rolunu oynayır. Özbəkistan göstərir ki, vətəndaşlarının hüquqlarını müdafiə etməkdə daha sərt mövqe tutmağa başlayır. Miqrantların taleyi isə çox vaxt Rusiya daxilindəki siyasi və iqtisadi proseslərdən asılı olacaq.
Niyaz Hacıyev
16:43 06.09.2025
Oxunuş sayı: 953