“Ziyalı Ocağı” İctimai Birliyi “Uşaq və gənclərin zərərli xarici təsirlərdən müdafiəsi” layihəsinə start verib

“Ziyalı Ocağı” İctimai Birliyi “Uşaq və gənclərin zərərli
xarici təsirlərdən müdafiəsi” layihəsinə start verib.
Crossmedia.az xəbər verir ki, “Ziyalı Ocağı” İctimai Birliyi
“Uşaq və gənclərin zərərli xarici təsirlərdən müdafiəsi” layihəsinin icrasına
başladı.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Layihənin əsas məqsədi xalqımıza, ölkəmizə qarşı təxribatçı
qüvvələrin apardığı ideoloji hücumların qarşısının alınmasıdır.
Layihənin reallaşacağı coğrafi ərazilərdə- xüsusilə böyük şəhərlərdə
virtual məkanların, sosial şəbəkələrin təsir gücünü nəzərə alaraq, xalqımıza,
ölkəmizə qarşı aparılan ideoloji təxribatlara, zərərli və “zəhərli” xarici təsirlərə
qarşı, habelə, mövcud cəmiyyət tərəfindən qınan və qəbul edilməyən yaşam tərzi
ilə bağlı təbliğat işi aparılacaq, milli mənəvi dəyərlərimizin və ailə
modelinin təbliğinə geniş yer veriləcək.
Məlum olduğu kimi uşaqların və gənclərin vətənpərvərlik
ruhunda tərbiyə edilməsi mənəvi dəyərlərimizin, xalqımıza məxsus ailə modelinin
mühafizəsi deməkdir. Bəşəri ideyalar çərçivəsində formalaşan milli dəyərlərimiz
müasir gəncliyin timsalında əmin əllərə tapşırılmalıdır.
Dilimizə, dinimizə, adət-ənənələrimizə, bütünlükdə, milli
mentalitetimizə qarşı gözlənilən hər cür yabançı təsirlərin, ideoloji təxribatların
qarşısı mütəmadi maarifləndirilmə ilə alınmalıdır. Milli məfkurənin inkişafına
təkan vermək məqsədilə, uşaqlara və gənclərə düzgün istiqamətin, sağlam düşüncənin
aşılanması layiqli və möhkəm əqidəli vətəndaşların yetişdirilməsi deməkdir. Vətəndaş
Cəmiyyəti İnstitutları bu sahədə öncüllük nümayiş etdirməlidir.
Layihə çərçivəsində uşaqlar və gənclər arasında zərərli
xarici təsirlərin qarşısının alınması, milli dəyərlərin təbliği məqsədilə
silsiləli, maarifləndirici tədbirlər reallaşdırılacaq, məqalələr yazılacaq. Vətənə,
millətə, torpağa sevgi hissləri aşılayan bu tədbirlər, məqalələr
iştirakçılarda, oxucularda ruh yüksəkliyi yaradaraq, onları ilhamlandıracaq,
doğru istiqamətə götürəcək.
Layihə 2025-ci ilin sentyabr ayının 1-dən 2025-ci ilin oktyabr ayının 31-dək olan dövrü əhatə edəcək.
19:09 02.09.2025
Oxunuş sayı: 876