Bir ilə Çin dilini öyrəndi, indi bu ölkədə təqaüdlə təhsil alacaq

Xaricdə təhsil almaq bir çox gəncin karyera və şəxsi inkişaf yolunda atdığı mühüm addımlardan biridir. Bu sahədə dövlət tərəfindən yaradılan imkanlar isə gənclərə daha da geniş üfüqlər açır. Həmin imkanlardan biri də Hökumətlərarası Təqaüd Proqramlarıdır. Azərbaycanla digər ölkələr arasında imzalanmış hökumətlərarası müqavilələr əsasında həyata keçirilən bu proqram gənclərimizə dünyanın müxtəlif aparıcı ali təhsil müəssisələrində oxumaq imkanı yaradır. Təhsil, yaşam xərclərinin qarşılanması və peşəkar inkişaf fürsətləri bu proqramın əsas üstünlüklərindəndir.
Həmsöhbətimiz olan Elnur Novruzov da Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində magistratura təhsilini Çində alacaq gənclərimizdən biridir. Elnur “Azərbaycan müəllimi”nə təhsil həyatından, proqramın onun üçün önəmindən danışıb.
2003-cü ildə Bakı şəhərində anadan olan Elnur Novruzov orta təhsilini Mərdəkan qəsəbəsində yerləşən 181 nömrəli tam orta məktəbdə, bakalavr təhsilini isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə alıb. İxtisası haqqında danışarkən Elnur qeyd edir ki, daxilində sanki bir səsin jurnalistikanı seçməsini deyirdi: “Jurnalist olmaq mənim ən böyük xəyalım idi. Bu, sadəcə bir peşə deyil, həm də cəmiyyətə xidmət formasıdır. Həqiqəti araşdırmaq, məlumatı doğru şəkildə çatdırmaq və insanları maarifləndirmək həmin sahənin əsas dəyərləridir.
“Təqaüdü qazananlar arasında adımı görəndə çox sevindim”
Elnur deyir ki, xaricdə təhsil almaq çoxdankı arzusu idi: “Fikirləşirdim ki, bakalavr təhsilimi öz vətənimdə alaram, magistraturanı xarici ölkələrin birində davam etdirərəm. HTP ilə tanış olduqdan sonra tələb olunan sənədləri topladım və təqdim etdim. Bu proses mənim üçün həyəcanlı keçdi. Təqaüdü qazananlar arasında adımı görəndə çox sevindim. Magistratura təhsilimi Çinin Sian Çzyotun Universitetində alacağam. Adıçəkilən universitetin təklif etdiyi tədris imkanları diqqətimi cəlb etdiyi üçün buranı seçdim.
Çin təhsil sistemi: Sürət, sistem və ciddi nəzarət
2024-2025-ci tədris ilində Elnur Çində təhsil təcrübəsi keçib və Çin dilində birillik hazırlıq kursunu tamamlayaraq sertifikat alıb. Qeyd edir ki, tədris Çin dilində olduğu üçün bu mərhələ vacibdir. Çindəki təhsil təcrübəsi barədə danışan Elnur vurğulayır ki, dərslərin təşkili, müəllim-tələbə münasibətləri və gündəlik sistem daha strukturlaşmış formadadır: “Prezentasiyasız dərslər keçilmir. İştiraka böyük önəm verilir”.
Kampusun şəhər kənarında yerləşməsi, yataqxana şəraitinin genişliyi və tələbələrin əksəriyyətinin burada qalması isə onun diqqətini çəkən əsas məqamlardandır.
Çin dilini öyrənmək çətin olsa da, Elnur bu mərhələnin öhdəsindən məqsədyönlü şəkildə gəlib: “Kiminsə Çin dilini bilirəm deməsi böyük hünərdir. Mənə gəldikdə isə deyə bilərəm ki, bu səviyyəyə çətinliklə çatmadım. Qarşıma məqsəd qoymuşdum və qərarlı idim. Çində tələbə həyatını həqiqətən sınamağa dəyər”.
Elnurun sözlərinə görə, Çinin media mühitində fərqli yanaşmaları mövcuddur. Burada texnologiyaların media ilə birləşməsi, süni intellektin tətbiqi və rəqəmsal jurnalistika sahəsində böyük addımlar atılıb. Bu baxımdan öyrənəcəklərini gələcək fəaliyyətində tətbiq etməyi düşünür.
HTP: Gənclərə verilən real fürsət
HTP-nin Azərbaycanın neçə-neçə gəncinin dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq xəyalını gerçəkləşdirdiyini söyləyən Elnur onlar üçün yaradılan bu imkanlara görə dövlətimizə minnətdar olduğunu bildirir: “HTP bizə dünyaya çıxmağa şərait yaradır. Azərbaycan gəncinə dünya gəncləri ilə yarışa girmək imkanını tanıyır. Bu baxımdan özümü şanslı gənclərdən hesab edirəm. Harada oluruqsa olaq, ilk növbədə, ölkəmizi layiqincə təmsil etməliyik. Dövlətimiz tərəfindən bizə göstərilən bu qayğını unutmamalı, əldə etdiyimiz bilik və təcrübələri ölkəmizin inkişafı üçün səfərbər etməliyik”.
İnad, məqsəd, inam və səbir
Söhbətimizin sonunda Elnur xaricdə təhsil almaq arzusunda olanlara öz tövsiyəsini də verir: “Uğur qazanmaq istəyirsinizsə, inadkar, məqsədli olun və inamla addımlayın. Amma xaricdə təhsil almaq üçün səbir adlı da bir dostunuz olmalıdır. Səbir elə bir dəyərdir ki, sizi vaxtından əvvəl uğura çatdırar”.
(muallim.edu.az)
19:50 01.09.2025
Oxunuş sayı: 986