Ağdamda valideynləri tərəfindən döyülən körpənin aqibəti məlum olub

Ağdamda valideynləri tərəfindən şiddətə məruz qalan körpələrdən biri xəstəxanadadır, digəri Sosial Xidmətlər Agentliyinin müəssisəsinə yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib.
“3 yaşlı körpə əməliyyat edilib. Hazırda uşaq Ağdam Mərkəzi rayon Xəstəxanasındadır. Vəziyyəti yaxşıdır. Daha sonra Bakıya gətirilib, Sosial Xidmətlər Agentliyinin müəssisəsində yerləşdiriləcək. AQDPK problemlə bağlı məsələ qaldırıb. Valideynlərin valideynlik hüququndan məhrum edilməsi ilə bağlı hüquqi işlər başladılıb. Valideynlərlə bağlı qərarı isə hüquq-mühafizə orqanları verəcək. Araşdırma aparılır”, - o bildirib.
Qeyd edək ki, ötən gün Ağdamın Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb. Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
11:43 28.08.2025
Oxunuş sayı: 841