Velosiped idmanı sahəsində bölgələrdə fəaliyyət göstərəcək məşqçi-müəllimlər üçün təlim kursları başlayıb

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində regionlarda velosiped idmanının inkişafına töhfə verəcək yeni layihə start götürüb.
Crossmedia.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə
çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti
Sahib Ələkbərov bu layihənin ölkəmizdə velosiped idmanının gələcəyi baxımından
xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, məşqçi-müəllimlər qarşısında duran
vəzifələrdən danışıb:
"Bu təlimlərin əsas məqsədi regionlarda idmanın
inkişafına dəstək olmaq, ixtisaslı məşqçilərin hazırlanmasına şərait
yaratmaqdır. Bu, həm uşaqların və gənclərin fiziki sağlamlığı, həm də onların
asudə vaxtının səmərəli təşkili üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki,
kurslarda iştirak edən məşqçilər gələcəkdə gənclərin idmana cəlb olunmasında,
yeni istedadların üzə çıxarılmasında mühüm rol oynayacaqlar".
Elm və təhsil nazirinin müavini Həsən Həsənli velosiped
idmanının sağlam həyat tərzi baxımından da əhəmiyyət daşıdığını bildirib:
“Məktəblilər və gənclər arasında bu idman növünün inkişaf
etdirilməsi onların həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir göstərəcək.
Açılışını etdiyimiz kurslar gələcəkdə bölgələrdə peşəkar kadrların
formalaşmasına və yeni nəslin idmana marağının artmasına xidmət edəcək. Layihə
bölgələrin tanınmasına da müsbət təsir göstərəcək".
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov
yeni məşqçilərin hazırlanmasının əhəmiyyətinə toxunub. O, bu cür layihələrin
regionlarda idmanın kütləviliyinə böyük təkan verəcəyini bildirib.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı
direktoru Təhminə Tağı-zadə kurslarda iştirak edən məşqçilər üçün antidopinq
qaydaları ilə bağlı təmsil etdiyi qurumun əməkdaşlarının xüsusi seminar keçirəcəyini
bildirib və bu istiqamətdə onlara hər zaman dəstək verməyə hazır olduqlarını
deyib.
Kurslarda iştirak edən məşqçilərə həm nəzəri biliklər, həm də
praktiki bacarıqlar öyrədiləcək. Proqram çərçivəsində beynəlxalq standartlara
uyğun məşq üsulları, idmançılarla işləmə metodikası və velosiped idmanında təhlükəsizlik
qaydaları xüsusi diqqət mərkəzində olacaq. 12 gün davam edəcək təlim kurslarını
uğurla başa vuraraq imtahan vermiş məşqçi-müəllimlərə sertifikatlar təqdim ediləcək.
Pilot xarakterli bu layihə ilkin mərhələdə Gəncə və Sumqayıt
şəhərləri, eləcə də Qəbələ, Quba, Ağdaş, Ağstafa, Goranboy, Tovuz, Göygöl və Gədəbəy
rayonlarını əhatə edəcək. Elm və Təhsil Nazirliyinin bu bölgələrdəki idman məktəblərində
xüsusi velosiped bölmələri yaradılacaq. Nazirliyin Azərbaycan Velosiped İdmanı
Federasiyası ilə birgə seçdiyi, velosiped idmanı sahəsində fəaliyyət göstərmək
istəyən ali təhsilli məşqçi-müəllimlər həmin bölgələrdəki Gənclər və İdman
Nazirliyinin Olimpiya İdman Komplekslərində xüsusi olaraq ayrılmış yerlərdə fəaliyyət
göstərəcəklər. Onlar Elm və Təhsil Nazirliyinin ştatlı işçiləri kimi əmək
haqqını nazirlikdən alacaq, öz fəaliyyətləri barədə həm Azərbaycan Velosiped
İdmanı Federasiyası, həm də nazirliyin müvafiq qurumları qarşısında hesabat verəcəklər.
Bölmələrin hər biri üçün federasiya tərəfindən 20 ədəd, ümumilikdə 200 ədəd
velosiped ayrılıb.
Yaxın gələcəkdə bu təcrübədən ölkənin digər şəhər və
rayonlarında da istifadə olunacağı, habelə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının aidiyyəti qurumlarının da bu layihəyə qoşulacağı
planlaşdırılır.
20:40 26.08.2025
Oxunuş sayı: 700