SOCAR Üstyurdda neft yataqları aşkar edəcək — AÇIQLAMA

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində Azərbaycan–Türkmənistan–Özbəkistan liderlərinin üçtərəfli görüşü baş verib. Görüş zamanı Azərbaycan və Özbəkistan prezidentləri SOCAR-ın Özbəkistanın Üstyurd regionundakı investisiya bloklarında geoloji kəşfiyyat işlərinə başlaması məsələsini gündəmə gətiriblər. Azərbaycan və Özbəkistan liderləri SOCAR-ın Özbəkistanın Üstyurd regionundakı investisiya bloklarında geoloji kəşfiyyat işlərinə başlamasına razılığa gəliblər. Artıq bu razılaşma çərçivəsində SOCAR 2026-cı ilin birinci rübündən etibarən həmin ərazidə fəaliyyətə başlayacaq. Bu mərhələ tərəflər arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişinə əsasən, beş il davam edəcək. Əgər ehtiyatlar təsdiqlənərsə, sınaq istehsalı və müasir hasilat texnologiyalarının tətbiqi ilə davam etdiriləcək.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən “Caspian Bareel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban bildirib ki, bunu ancaq müsbət mənada qiymətləndirmək olar:
“1992-ci ilin sentyabrında yaranan Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycandan kənarda faktiki olaraq ilk kəşfiyyat işlərinə başlamalıdır. Quruda Azərbaycan bu il həmçinin İsrail şelfində Aralıq dənizində bir kəşfiyyat layihəsində operatorluq səviyyəsində layihəyə qoşulub. Özü də “BP” şirkəti ilə. Ancaq burada sırf özü təkbaşına 5 il müddətində Özbəkistanın şimal-qərbində yerləşən bir bölgədə kəşfiyyat işlərini aparmalıdır. Nəticədən asılı olaraq orada tapılacaq karbohidrogen ehtiyatları müəyyənləşdirilməli, bunun gələcək pay bölgüsü üzrə Özbəkistan hökuməti ilə, o cümlədən “Özbəkneftqaz”la aralarında kommersiya sazişi imzalanmalıdır. Azərbaycan prezidenti İlham Əliyevin avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən görüşdə qeyd etdiyi kimi, böyük ümidlər var ki, SOCAR orada məhz neft yatağı, neft layları aşkar edəcək. Bu baş verdiyi təqdirdə ölkələrimiz arasında həm iqtisadi, həm də enerji əməkdaşlığının artıq yeni bir mərhələsinə keçid olacaq”.
Nəzrin Salmanova
20:43 25.08.2025
Oxunuş sayı: 1429