Abşeron dəmiryol marşrutu üzrə yeni hərəkət cədvəlinin tətbiq olunacağı vaxt açıqlanıb

Bakı-Keşlə dəmiryol sahəsində, "Bağırov körpüsü" kimi tanınan ərazidəki dəmiryol infrastrukturunda əsaslı təmir işlərininin sentyabrın əvvəllərində başa çatdırılması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev “APA-Economics”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, qeyd olunan ərazidə dəmiryol infrastrukturunda 6 avqustdan əsaslı təmir işlərinə başlanılıb. Bununla əlaqədar olaraq Abşeron dairəvi və rayonlararası istiqamətlərdə hərəkət edən qatarların qrafikində bəzi dəyişikliklər edilib. Sonuncu belə dəyişikliklər 19 avqustdan etibarən tətbiq olunub.
“Təmir işlərinin sentyabrın əvvəllərində başa çatdırılması planlaşdırılır. Təmir işləri tam yekunlaşdıqdan sonra Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların yeni hərəkət cədvəli tətbiq olunacaq”, - Bəxtiyar Hacıyev qeyd edib.
O əlavə edib ki, yeni hərəkət cədvəlinin sentyabrın 15-nə kimi tətbiq olunması planlaşdırılır.
12:23 25.08.2025
Oxunuş sayı: 1269