Bakı metrosunda xətlərin ayrılması layihəsinə hazırlıq işlərinə başlanılır

"AZCON Holding" şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən Bakı şəhərinin nəqliyyat sistemində mühüm yer tutan metropoliten şəbəkəsinin daha da təkmilləşdirilməsi məqsədilə kompleks inşaat layihələrinin icrasına hazırlıq işlərinə start verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Məlumata görə hazırda bu işlər Prezident İlham Əliyevin 2025-ci il 30 yanvar tarixli Sərəncamı ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində genişmiqyaslı tədbirlər planına uyğun olaraq həyata keçirilir.
Layihənin ilkin mərhələsində “Cəfər Cabbarlı–Nizami” mənzilini
birləşdirəcək 200 metrə yaxın tunelin inşası üçün hazırlıq işlərinə başlanılır.
Belə ki, hazırlıq işləri çərçivəsində “28 May” stansiyası ətrafında
iki ərazidə şaxta qazılacaq. Tikinti meydançalarından biri stansiyanın yuxarı
hissəsində – Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki
avtomobil parklanma sahəsində, digəri isə stansiyanın qarşısında yerləşir.
Şaxtalar qazıldıqdan sonra əsas tunellərə keçid təmin edən əlavə yanaşma
yolları inşa olunacaq. Ərazinin ağır geoloji mühitə malik olması səbəbindən sahədə
ən optimal qazma üsulu ilə inşaatın texniki təhlükəsizliyi təmin ediləcək.
Tikinti prosesi ərazidə avtobusların, Bakı Dəmiryol
Vağzalının, eləcə də “28 May” metro stansiyasının fəaliyyətinə maneə
yaratmayacaq. Bu müddət ərzində yeraltı və yerüstü nəqliyyatın hərəkəti ənənəvi
qaydada davam etdiriləcək.
Xatırladaq ki, xətlərin ayrılması layihəsi üzrə nəzərdə
tutulan işlərin mərhələli icrası paytaxtın nəqliyyat infrastrukturunun
inkişafına, tıxacların azaldılmasına və ictimai nəqliyyatın səmərəli fəaliyyətinə
təkan verəcək. Eyni zamanda, fərdi avtomobillərdən istifadənin azalmasına, şəhərin
hərəkət dinamizminin artmasına və mobillik planlarının optimal tətbiqinə imkan
yaradacaq.
Yaşıl və Qırmızı xətlərin müstəqil fəaliyyəti nəticəsində həm
təhlükəsizlik, həm də hərəkət dayanıqlılığı əhəmiyyətli dərəcədə artırılacaq.
“28 May” stansiyasına qədər sahələrdə (“Dərnəgül-28 May” və “İçərişəhər-28
May”) mövcud olan 4 dəqiqə və daha yuxarı intervallar mümkün ən minimum həddə
çatdırılacaq.
18:32 14.08.2025
Oxunuş sayı: 1207