Yoxlama şurasının üzvü: "Onların yazısı sadəcə və sadəcə söz yığınağı idi"

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. Bildirilib ki, abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə tanış ola bilərlər. İmtahanda iştirak etmək hüququ qazanmış 1071 abituriyentdən 253 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən abituriyentlərdən 745 nəfər “məqbul” qiymət alıb. İmtahanda abituriyentlərin göstərdiyi nəticələr onların söz ehtiyatlarından asılı idi.
Jurnalistika ixtisasında qabiliyyət imtahanı məsələsi uzun müddətdir müzakirə olunur. Bəzi ekspertlər hesab edirlər ki, iddiaçılar məhz bu imtahan sayəsində universitetə qəbul ola bilərlər. Başqaları isə məktəb məzunlarının yazı və yaradıcılıq qabiliyyətinin olmadığını iddia edirlər.
Yoxlama şurasının tərkibində təmsil olunan Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dosenti Aygün Əzimova bu dəfəki imtahanlarla bağlı Crossmedia.az-a açıqlama verib: "İllərdir mən yoxlama şurasının tərkibində esse yoxlanışında iştirak edirəm. Bu il tam razı qalmadım, tam ürəyimcə olan səviyyədə uşaqlar azdır. Məsələn 60-70 yazı yoxladım, o yazıların içərisində məni tam qane edən 9-10 yazı oldu. Amma onu da qeyd edim ki, neçə illərdən sonra ilk dəfə bir yazıya 10 verdim. O yazı çox xoşuma gəlmişdi. Bu qədər yazının içində 9-10 yazının fərqlənməsi yaxşı göstərici deyil. Dil biliyi aşağı olan, boş boş sözlərlə vərəqi doldurmağa çalışan abituriyentlər var idi. Hətta diqqət edəndə görürdüm ki, mövzunu tam dərk etməyən uşaqlar var idi. Onların yazısı sadəcə və sadəcə söz yığınağı idi".
Müsahibimiz, həmçinin qeyd edib: "Orada bir yazı var idi ki, abituriyent jurnalistikanın prinsiplərini ortaya qoymuşdu. Hiss olundu ki, abituriyent bu sahəni araşdırıb gəlmişdi. Peşəni sevib gəlmək çox əsas məsələdir. Belə abituriyentləri hər kəs təqdir edir. Biri də var ki, aşağı nəticə göstərir, söz bazası yoxdur, fikirlərini ifadə edə bilmir, gəlir jurnalistikaya. Gərək insanda qabiliyyət olsun ki, bu peşəyə gəlsin".
Ayhan
12:55 09.08.2025
Oxunuş sayı: 1209