FHN yanında İctimai şuranın üzvləri çimərliklərdə monitorinqlər keçirib

Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri çimərlik mövsümü ilə əlaqədar Xəzər rayonunun Buzovna qəsəbəsində fəaliyyət göstərən çimərlik ərazilərində monitorinqlər keçiriblər.
Bu barədə Crossmedia.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, monitorinqlərin keçirilməsində əsas məqsəd çimərliklərdə xilasetmə işinin təşkili, ərazidə xidmət aparan xilasedicilərin hazırlıq səviyyəsi və təchizatı ilə bağlı vəziyyətin yerində qiymətləndirilməsi olub.
Monitorinqlər zamanı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nümayəndələri tərəfindən İctimai şura üzvlərinə çimərlik mövsümündə görülmüş işlər barədə geniş məlumat verilib. Bildirilib ki, may ayından etibarən çimərlik üçün təhlükəsizlik baxımından istifadəyə yararsız və təhlükəli ərazilər müəyyən edilib, Xidmətin nəzarət etdiyi çimərliklərdə üzmə sərhədlərini müəyyən edən nişanlar və ərazidə istirahət edən vətəndaşların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi üçün xəbərdaredici lövhələr quraşdırılıb. Eyni zamanda, çimərliklərdə kompleks təhlükəsizlik tədbirləri görülüb, dalğıclar tərəfindən sualtı baxışlar keçirilib və bu proses zamanı aşkarlanmış təhlükəli ərazilərdə qadağanedici nişanlar quraşdırılıb.
Xidmət tərəfindən görülən işləri yüksək qiymətləndirən İctimai şura üzvləri çimərlik üçün nəzərdə tutulmuş ərazilərdə monitorinqlərin davamlı olaraq aparılacağını bildiriblər.
15:58 08.08.2025
Oxunuş sayı: 669