Çin şirkəti Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə dəmir yolu müəssisəsinə daxil olacaq

Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yolu operatorları tərəfindən yaradılmış “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinin (BM) səhmdarlarının növbədənkənar ümumi yığıncağında "Çin Dəmir Yolu Konteyner Daşımaları" MMC-nin (“China Railway Container Transport Co., Ltd”nin törəmə strukturu) birgə müəssisəyə daxil olması ilə bağlı razılıq əldə olunub.
Crossmedia.az "Qazaxıstan Dəmir Yolları"na (KTJ) istinadən xəbər verir ki, səhmdarların ümumi yığıncağı Bakıda keçirilib.
Məlumatda qeyd olunub ki, KTJ-nin sədri Talqat Aldıbergenov Bakıya işgüzar səfəri zamanı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə də görüşüb.
"Görüşdə Orta Dəhlizin inkişafı, proseslərin rəqəmsallaşdırılması, "darboğazlar"ın aradan qaldırılması üzrə Yol Xəritəsinin həyata keçirilməsi və əməkdaşlığın digər aktual istiqamətləri müzakirə edilib. Marşrutla konteyner qatarlarının yola salınma müddətinin birgə monitorinqinin keçirilməsi ilə bağlı razılıq əldə olunub. Bu, qrafikin sabitliyini təmin etməyə, logistika məsələlərini operativ qaydada həll etməyə və marşrutun səmərəliliyini artırmağa imkan verəcək", - məlumatda vurğulanıb.
“Middle Corridor Multimodal Ltd” Orta Dəhlizlə tranzit daşımalarının inkişafı və effektivliyinin artırılması üçün Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu şirkətləri tərəfindən yaradılmış birgə müəssisədir. BM-in yaradılmasında məqsəd bu marşrutun vahid operatoru olmaqdır. (Report)
15:17 07.08.2025
Oxunuş sayı: 633