Azərbaycan və Ermənistan liderləri görüşür: "Əsas müzakirə mövzusu Zəngəzur dəhlizinin açılması olacaq" - MÜSAHİBƏ

Respublikaçılar Partiyasının üzvü, amerikalı senator Stiv Deyns “The Wall Street Journal” üçün yazdığı məqalədə bildirib ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlamaq ərəfəsindədir.
“Bu, möhtəşəm nailiyyət – regional və beynəlxalq sülhə töhfə verəcək sabitliyə doğru atılan daha bir addım, eləcə də iştirak edən ölkələrin sərhədlərindən çox-çox uzaqlara çıxan iqtisadi faydalar olacaq”, - o deyib.
Senatorun sözlərinə görə, üçüncü dövlətlərin və ya təşkilatların sülh yaratmaq cəhdlərinin çoxu nəticəsiz olub. Deyns qeyd edib ki, əvvəlki ABŞ administrasiyaları regiona və sülh danışıqlarına prioritet diqqət göstərməyib.
Onun sözlərinə görə, Tramp regionda və onun hüdudlarından kənarda artımı və sabitliyi təşviq edir.
Deyns əlavə edib ki, Ermənistan və Azərbaycan liderləri tərəfindən tezliklə bu sazişin imzalanması Cənubi Qafqazda və bütün dünyada sülh və sabitliyə töhfə verəcək.
Amerikalı siyasətçinin bu açıqlamanı səsləndirdiyi bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-də görüşəcəklərinə dair məlumat yayıldı.
Ağ Evin Cənubi Qafqazda sülhün əldə olunub- olunmamasında nə qədər maraqlı olduğunu demək çətindir. Amma konkret olan odur ki, tərəflər, doğrudan da, sülhə çox yaxındırlar. Bunu Azərbaycan və Ermənistan tərəfindən də verilən bəyanatlar da göstərir.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğlu ABŞ-də keçirilməsi gözlənilən görüş, həmçinin tərəflər arasında sülh perspektivi barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
- Amerikalı senator deyib ki, Azərbaycan və Ermənistan arasında razılaşma əldə olunması yaxındır. Siz bunu necə qiymətləndirirsiniz?
-Ermənistan və Azərbaycan arasında sülhün əldə olunmasında həlledici mərhələ Əbu-Dabi görüşü olub. Orada imzalanması nəzərdə tutulan mümkün sülh sazişinin layihəsi paraflanıb. Bu da artıq irəliyə doğru atılmış mühüm addım kimi qiymətləndirilə bilər.
-Yaxın günlərdə ABŞ-də Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılır. Bu görüşdən gözləntiləriniz nələrdir?
-Növbəti görüşün ABŞ-də keçirilməsi ilə bağlı müəyyən məlumatlar dövr etsə də, hələlik nə rəsmi Bakı, nə də rəsmi İrəvan bu xəbərləri təsdiqləyib və ya təkzib edib. Bu isə onu deməyə əsas verir ki, belə bir görüşün təşkili istisna olunmur. Bununla yanaşı, əgər, həqiqətən də, müzakirələr ABŞ-də baş tutarsa, sənədlərin imzalanması daha çox formal xarakter daşıyacaq. Çünki sülh sazişinin mətni artıq Əbu-Dabidə paraflandığından onun üzərində dəyişiklik və redaktə aparılması mümkün deyil. Paraflanmış sənəd, imzadan əvvəlki mərhələ sayılmasına baxmayaraq, mahiyyətcə artıq razılaşdırılmış hesab olunur. Buna görə də burada ABŞ-nin vasitəçiliyindən çox, ev sahibliyindən danışmaq daha doğru olardı.
- Sizcə, mümkün görüşdə nələr müzakirə oluna bilər?
-Növbəti görüş zamanı sənədin texniki baxımdan tamamlana biləcəyi, eyni zamanda sülh layihəsindən kənar qalan bəzi detallarla bağlı razılaşdırmaların aparılacağı istisna deyil. Güman etmək olar ki, əsas müzakirə mövzularından biri kommunikasiya xətlərinin, xüsusilə də Zəngəzur dəhlizinin açılması olacaq. Artıq ABŞ rəsmiləri tərəfindən Zəngəzur dəhlizinin müəyyən müddətə amerikalı şirkətə icarəyə verilməsi kimi fikirlər səsləndirilib, lakin bu məsələ indiyə qədər nə təsdiq, nə də təkzib olunub. Ona görə də mümkündür ki, ABŞ-da keçiriləcək görüşdə məhz bu istiqamətdə yekun razılıq əldə olunsun. Çünki hər kəsə aydındır ki, uzunmüddətli sülhün əsas şərtlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır və görüş baş tutacağı təqdirdə, bu məsələnin razılaşdırılması tamamilə real görünür.
- Ümumiyyətlə, rəsmi Vaşinqton Cənubi Qafqazda normallaşmada səmimidirmi, maraqlıdırmı?
- Siyasət və səmimiyyət bir-biri ilə uzlaşmayan anlayışlardır. Bu prosesdə mütləq şəkildə hansısa tərəfin marağı var və atılan addımlar da həmin maraqlardan irəli gəlir. Vasitəçilik edən tərəfin öz maraqlarının olması da təbiidir. Eyni zamanda dünya siyasətini müəyyənləşdirən güc mərkəzləri də prosesdə maraqlıdırlar. Səmimiyyət dediyimiz məqam isə tərəflərin ortaq maraqlara əsaslanan uzlaşma nöqtəsi tapmasıdır ki, ümid edirik, bu cür uzlaşma əldə olunacaq.
Fatimə Nəbiyeva
15:20 05.08.2025
Oxunuş sayı: 5172