Layihənin məqsədi Suriyada elektrik böhranını azaltmaqdır.
Crossmedia.az xəbər verir ki, bunu Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində deyib.
"Bu layihənin məqsədi Suriya Ərəb Respublikasında elektrik böhranını azaltmaqdır. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu gündən etibarən tamamilə Türkiyə Respublikasındakı texniki qruplar tərəfindən bərpa edilən bu boru kəməri vasitəsilə qazın ötürülməsi başlayır. Layihənin gündəlik ötürmə gücü 3,4 milyon kubmetr təbii qaz təşkil edir ki, bu da illik olaraq 1.2 milyard kubmetrə bərabərdir.
Bu qaz Türkiyə-Suriya sərhədindəki təhvil nöqtəsi vasitəsilə Suriya Ərəb Respublikasında elektrik istehsalında istifadə olunacaq. Bu isə elektrik verilişi saatlarının gündəlik təxminən beş saata qədər artmasına, yəni cari səviyyədən 40% çoxalmasına imkan verəcək və bu, beş milyondan çox abunəçini əhatə edəcəkdir.
Qətər Dövləti Qətər İnkişaf Fondu vasitəsilə xalqların həyatında müsbət dəyişiklik yaradan həyati əhəmiyyətli layihələrin maliyyələşdirilməsində önəmli rol oynadığını təsdiqləyir. Biz Suriyanın elektrik sektorunu dəstəkləyirik və bu dəstək bizim Suriya xalqına olan humanitar və qardaşlıq məsuliyyətimizdən irəli gəlir. Bu, həmçinin davamlı inkişaf, sülh və sabitliyə töhfə vermək öhdəliyimizin təzahürüdür.
Biz bu təşəbbüsün sadəcə müvəqqəti bir reaksiya deyil, əksinə, Suriyada davamlı inkişaf və tərəqqi yolunda ciddi bir addım olmasını təmin etməyə çalışdıq. Bu, Türkiyə və Azərbaycan kimi tərəfdaşlarımız vasitəsilə həyata keçirilmişdir. Müntəzəm və davamlı elektrik enerjisi təminatı, cəmiyyətlərin yenidən qurulması və rifahı üçün əsas təməl sütunlardan biridir. Əminik ki, bu gün atılan bu addımlar, gələcəkdə daha çox təhlükəsizlik, sabitlik və inkişafın əsasını qoyacaq və layihənin hədəflədiyi insanların həyatına birbaşa müsbət təsir göstərəcəkdir.
Bu kontekstdə biz beynəlxalq ictimaiyyət və tərəfdaşlarımızla birgə əməkdaşlıqla bu yanaşmanı davam etdirmək və xalqın əziyyətlərini azaltmaq və onların çətinliklər qarşısında davamlılığını gücləndirmək üçün davamlı təşəbbüslərin həyata keçirilməsinə sadiq olduğumuzu bir daha bəyan edirik.
Sonda bu layihənin gerçəkləşməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm", - o qeyd edib. (Trend)