"Araz-Naxçıvan"ın 77 yaşlı rəqibi: Azərbaycan klublarından yalnız "Qarabağ"ın məğlub etdiyi "Omoniya" - TANITMA

"Araz-Naxçıvan"ın
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəyi Kiprin
"Omoniya" klubunun 77 yaşı var.
Crossmedia.az-
xəbər verir ki, Nikosiya təmsilçisi 1948-ci ildə yaradılıb.
1953-cü
ildən əsas liqada çıxış edən komanda 21 dəfə ölkə çempionu olub.
"Omoniya" 16 dəfə Kipr Kubokunu, 17 dəfə Superkuboku qazanıb. Bundan əlavə,
klub indiyədək elitanı tərk etməyən üç Kipr klubundan biridir.
Paytaxt
təmsilçisi ölkəsində bir sıra rekordlara da imza atıb. Bunlardan biri
komandanın 1970-1989-cu illər aralığında ardıcıl 14 mövsüm çempion olmasıdır.
"Ağ-yaşıllar" ardıcıl 4 dəfə Kipr Kubokuna (1979-1983) da sahib
olublar.
Komanda
ev oyunlarını 22 min 859 azarkeş tutumuna malik GSP stadionunda keçirir. Klubun
prezidenti Stavros Papastavru, hazırkı baş məşqçisi isə Henninq Berqdir.
"Omoniya"nın heyətində bir neçə məşhur oyunçular var. Daha əvvəl
Portuqaliyanın "Portu", Türkiyənin "Fənərbağça" kimi
klublarında çıxış etmiş qapıçı Fabiano hazırda komandanın uğurları üçün
çalışır. "Mançester Siti" və "İnter"in sabiq üzvü,
monteneqrolu Stevan Yovetiç də 2024-cü ildə transfer edilib.
"Omoniya"
indiyədək avrokuboklarda üç dəfə Azərbaycan klublarına rəqib olub.
"Qarabağ" 2021/2022 mövsümündə UEFA Konfrans Liqasının qrup mərhələsində
Kipr təmsilçisi ilə qarşılaşıb. Səfərdə rəqibini 4:1 hesabı ilə üstələyən
"köhlən atlar" Bakıda heç-heçəyə razı olub - 2:2.
Ardınca
"Qəbələ" 2023/2024 mövsümündə bu turnirin II təsnifat mərhələsində hər
iki görüşdə məğlub olub - 2:3, 1:4.
Son
olaraq ötən mövsüm "Zirə" bu kollektivlə üz-üzə gəlib. Nikosiyada 6
top buraxan "qartallar" evdə minimalhesablı qalibiyyət əldə edib -
1:0.
Qeyd
edək ki, "Araz-Naxçıvan" ilk matçını avqustun 7-də Bakıda, cavab
görüşünü bir həftə sonra səfərdə keçirəcək. Naxçıvan klubu əvvəlki raundda
Yunanıstanın "Aris", "Omoniya" isə Gürcüstanın
"Torpedo" komandasını mübarizədən kənarlaşdırıb.
11:38 01.08.2025
Oxunuş sayı: 919