Oqtay BAYRAMOV: "İdmandakı uğurlarımızın arxasında sistemli dövlət siyasəti, strateji baxış və məqsədyönlü fəaliyyət dayanır" -MÜSAHİBƏ

Bu gün ölkə başçısı İlham Əliyevin Olimpiya hərəkatına rəhbərliyinin 28-ci ili tamam olur. Artıq 28 ildir ki, Azərbaycan
Prezidenti Milli Olimpiya Komitəsinə rəhbərlik edir. Şəxsən dövlət başçısının
idmana və bədən tərbiyəsinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda
idman nəinki ilbəil, günbəgün
inkişaf edir. Bunu beynəlxalq arenalarda əldə olunan uğurlar da sübut edir.
Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır. Təsadüfi
deyil ki, dəfələrlə beynəlxalq yarışların keçirilməsi Bakıya həvalə olunub.
Buna misal olaraq, 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi Birinci Avropa
Oyunlarını, 2017-ci ildə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarını, Formula- 1
sürət yarışlarını və digər idman tədbirlərini göstərmək olar.
Azərbaycan bu gün özünün Olimpiya, dünya və Avropa
çempionları, mükafatçıları ilə qürur duyur. Nəsillər dəyişdikcə bu çempionların
sayı da artır, rekordlar yenilənir. Çünki paytaxt Bakı və bölgələrdə fəaliyyət
göstərən olimpiya idman kompleksləri, klublar, zallar uşaq və yeniyetmələrin
kiçik yaşlarından idmanla məşğul olmalarına şərait yaradır. Peşəkar məşqçi- müəllimlər
isə onları daha da həvəsləndirir, uğura gedən yolda mayak rolunu oynayır.
Mövcud şərait yuxarıda qeyd etdiyimiz kimi birbaşa
olaraq Azərbaycan liderinin həm prezident, həm də MOK rəhbəri kimi idmanın və bədən tərbiyəsinin
inkişafına göstərdiyi qayğının, diqqətin nəticəsidir.
Əməkdar jurnalist, Fəxri bədən tərbiyəsi və idman işçisi
Oqtay Bayramov Azərbaycan Prezidentinin MOK-a rəhbərliyinin növbəti ildönümü
barədə Crossmedia.az-ın suallarını cavablandırıb:
-Bu illər ərzində Azərbaycan idmanının əsas uğurları nələr
olub?
- 28 il əvvəl, iyulun 31-də İlham Əliyev Azərbaycan
Respublikasının Milli Olimpiya Komitəsinin Prezidenti seçildi. Həmin tarixdən etibarən Azərbaycanda
Olimpiya hərəkatında əsl inkişaf dövrünün əsası qoyuldu. Demək olar ki, bu 28
il ərzində İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə fəaliyyət göstərən bütün
idman təşkilatları bir məqsəd ətrafında birləşərək böyük səylə çalışıblar.
İdmana olan diqqət və qayğı daha da artıb. Nəticədə, ölkənin müxtəlif şəhər və
rayonlarında yeni idman kompleksləri tikilib, uşaqların idmana cəlb olunması
üçün peşəkar mütəxəssislər yetişdirilib və genişmiqyaslı işlər görülüb. Bu
istiqamətdə əldə olunan uğurlar nəzərəçarpacaq dərəcədədir. Artıq 2000-ci illərin
əvvəllərində beynəlxalq idman dairələrində də Azərbaycanda Olimpiya hərəkatı çərçivəsində
həyata keçirilən işlər yüksək qiymətləndirilməyə başlanmışdı. Hətta ölkəmiz digər
dövlətlər üçün nümunə göstərilirdi. Bildirilirdi ki, kim Olimpiya hərəkatının tərəqqisini
görmək istəyirsə, Azərbaycanın təcrübəsindən faydalana bilər. Bütün bunlar
İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu fəaliyyətin nəticəsidir. O
vaxtdan bu günə qədər, bildiyiniz kimi, Azərbaycan idmançıları müxtəlif idman
növləri üzrə dünya və Avropa çempionatlarında, “Qran Pri” yarışlarında və digər
beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Xüsusilə də Olimpiya oyunlarında
qazandığımız nəticələr fəxr edilməli səviyyədədir. Bütün bu uğurlar, idmanda
ölkəmizin adının yüksək səviyyədə tanınmasına səbəb olmuşdur. İdmandakı uğurlarımızın arxasında
sistemli dövlət siyasəti, strateji baxış və məqsədyönlü fəaliyyət dayandığını
qeyd edib.
-Prezident İlham Əliyevin gənclər və idman siyasətini necə qiymətləndirirsiz?
-Çox yüksək qiymətləndirirəm. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər və idman siyasəti Azərbaycanın müasir inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu siyasət həm məzmun, həm də nəticə baxımından yüksək qiymətləndirilməlidir. Dövlət başçısının diqqət və qayğısı nəticəsində gənclərin potensialının üzə çıxarılması, onların cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar yaradılmışdır. Eyni zamanda, idman sahəsində də böyük uğurlar əldə olunmuşdur. Respublikamızın müxtəlif bölgələrində müasir idman kompleksləri inşa olunmuş, idmanın kütləviliyinə və sağlam həyat tərzinin təşviqinə xüsusi önəm verilmişdir. Azərbaycan idmançıları dünya və Avropa miqyaslı yarışlarda, Olimpiya oyunlarında uğurla çıxış edərək ölkəmizin bayrağını ucalarda dalğalandırırlar.
Bu uğurların arxasında sistemli dövlət siyasəti,
strateji baxış və məqsədyönlü fəaliyyət dayanır. Ona görə də İlham Əliyevin gənclər
və idman siyasətini yalnız yüksək qiymətləndirmək olar. Bu, Azərbaycanın gələcəyinə
qoyulan möhkəm təməldir. Hətta ölkə başçısının idman siyasəti ilə bağlı müxtəlif
xarici ölkələrdən respublikamıza
təcrübə
mübadiləsinə gələnlər olur. Bizdən öyrənərək öz ölkələrində idmanın inkişafı
naminə metdolarımızı tətbiq edirlər. Bəzi nümayəndələr 2000-ci illərlə indiki Azərbaycan arasında böyük fərq
olduğunu, yüksək inkişafın olduğunu qeyd edirlər.
Olimpiya oyunlarındakı çıxışlarımız isə hamıya məlumdur.
Müsbət dinamikada inkişaf göz qabağındadır. Qeyd edim ki bu ilin sentyabrında
Namiq Abdullayevlə Zemfira Meftahətdinovanın 2000-ci ildə Avstraliyanın Sidney
şəhərində qazandıqları qızıl medalların 25 ili tamam olur. Həmin Olimpiadada boksçumuz Vüqar Ələkbərov bürünc medal
qazandı. 2 qızıl, 1 bürünc medal sayəsində o zaman 199 ölkə arasında 34-cü
sırada qərarlaşdıq. Bu, Azərbaycan Rspublikası üçün çox böyük uğur idi. İndi isə bu uğur
daha da böyüyüb. Artıq bir
çox mötəbər yarışa ölkəmiz ev sahibliyi edir. Buna 2015-ci
ildə ilk dəfə keçirilən Avropa Oyunları,
2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını aid edə bilərik. Bu mötəbər
yarışlarda idmançılarımızın fəxri kürsülərdə yer tutması, əlbəttə, uğurlu idman
siyasətinin bariz sübutudur. Bu da, təbii ki, ölkə başçısının yeritdiyi gənclər
və idman siyasətinin nəticəsidir.
- Oqtay müəllim,
Ümumilli lider Heydər Əliyev ölkəmizin idman və Olimpiya hərəkatı sahəsində
yaratdığı möhkəm təməli müdrik şəkildə, ardıcıllıqla İlham Əliyevə ötürmüşdür.
Fikirləriniz maraqlıdır: İlham Əliyev bu yolu necə davam etdirir?
- Bu gün ölkədə idman həyatının dinamik inkişafı, idman strukturlarının genişləndirilməsi və beynəlxalq uğurların artması bu davamlılığın real göstəriciləridir. İlham Əliyevin bu sahədəki fəaliyyətini yüksək səviyyədə davam etdirməsinin ən mühüm göstəricilərindən biri də onun beynəlxalq aləmdə qazandığı nüfuzdur. Bildiyiniz kimi, İlham Əliyev 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyətə başlamışdır. Cəmi 7 il sonra – 2004-cü ildə Beynəlxalq Olimpiya Komitəsi onun bu sahədəki xidmətlərini yüksək qiymətləndirərək, ona ali mükafat – Olimpiya Ordeni təqdim etmişdir.
Qeyd etmək yerinə düşər ki, bu mükafat İlham Əliyevə
2004-cü ilin mart ayında təntənəli şəkildə təqdim olunmuş və həmin vaxtdan artıq 21 il keçmişdir. Bu
fakt Azərbaycan
Milli Olimpiya Komitəsi Prezidentinin yalnız ölkə daxilində
deyil, həm də beynəlxalq miqyasda idman və Olimpiya dəyərlərinin inkişafına
göstərdiyi xidmətlərin bariz nümunəsidir.
Elmir Heydərli
16:37 31.07.2025
Oxunuş sayı: 8613