Səfir: Azərbaycan qazı Suriyanın iqtisadi bərpasının təminatıdır

Türkiyə ərazisi ilə Suriyaya Azərbaycan təbii qazının tədarükünün avqustun 2-də başlanması iki dost xalqın səbirsizliklə gözlədiyi tarixi hadisədir.
Crossmedia.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın SANA agentliyinə bildirib.
Diplomatın sözlərinə görə, tədarük haqqında razılaşma Azərbaycan və Suriya prezidentləri - İlham Əliyev və Əhməd əş-Şaranın Suriya liderinin rəsmi səfəri çərçivəsində iyulun 12-də Bakıda keçirilən görüşünün nəticəsidir.
"Bu, iki ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək mühüm hadisədir", - deyə Şahhüseynov vurğulayıb.
O, həmçinin qeyd edib ki, prezident Əhməd əl-Şaranın rəhbərliyi altında Suriyanın yeni rəhbərliyi inkişafı sürətləndirmək və vətəndaşların həyat səviyyəsini yüksəltmək məqsədilə Suriya xalqının üzləşdiyi bütün problemlərin, xüsusilə iqtisadi sahədəki problemlərin həlli üçün səy göstərir: "Azərbaycan təbii qazı elektrik enerjisi istehsalı güclərinin artırılmasında strateji rol oynayacaq ki, bu da gələcək iqtisadi bərpanın təminatıdır".
23:54 30.07.2025
Oxunuş sayı: 1404