Rauf Arifoğlu onu ittiham edənlərə cavab verdi

"Atdığım addımları, həyata keçirdiyim manevrləri doğru hesab edirəm. Məni qınayanlar, ya da ittiham edənlər nə gözləyirdilər? Avantürist və Zəfərimizin düşməni Əli Kərimlinin yanında qalmalıydım? Ya da gəlişi ilə Müsavat Partiyasını param-parça edən, öz miqyasına uyğunlaşdıran Arif Hacılının? İndi onlar kimi, bu millətə Zəfəri və Qarabağı bəxş etmiş İlham Əliyevə qarşı çıxaydım? O bataqlıqda qalaydım?".
Bunu Crossmedia.az-a geniş müsahibəsində Əməkdar jurnalist, “Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu deyib.
"Azərbaycana belə bir möhtəşəm qələbə qazandıran bir liderin yanında olmaq böyük şərəfdir və Vətənə xidmət budur. Əksinə, adını çəkdiyim və çəkmədiyim uğursuzların, bacarıqsızların yanında qalsaydım, bu, öz yoluma və dövlətimə dönüklük olardı. Ümumilikdə, müxalifətin olması tərəfimdən məqbul qarşılanır. Üstəlik, 2020-ci ilin 26 sentyabrına qədər prezident İlham Əliyevə qərəzli olmağı, onu kəskin tənqid etməyi də normal sayıram. Amma 27 sentyabr 2020-ci ildən sonra, daha sonra isə 19 sentyabr 2023-cü ildən – Xankəndinin qaytarılması, ardınca Rusiya sülhməramlılarının torpaqlardan çıxarılması prosesini yaşayıb da, İlham Əliyevə qərəzli olmaq anlaşılan deyil. İlham Əliyev 44+1 günə 200 illik milli problemi həll etdi, bizi yeni hədəflərə və səviyyəyə çıxartdı. Hər kəs bunu fərq edib, hər kəs bu prosesə ayaq və siyasət uydurmağa çalışır. Lakin “radikal müxalifət” adlandırılan barışmaz və qərəzli sekta yerindəcə sayır. 2019-cu ildə hansı tezislərlə çıxış edirdilərsə, indi də eynidir. Sanki bu qədər böyük dəyişimlər onların ölkəsinə və millətinə aid deyil. Hikkələrindən durub, Şuşaya, Ağdama, Zəngilana, Laçına, Xankəndiyə də getmirlər. Gedənlərə də “avtobus müxalifəti” deyib, öz aləmlərində lağ edirlər. Onlar bədbəxtdirlər. Mən bu zehniyyətin və siyasi əlillərin yanında necə qalardım".
Müsahibənin tam linkini aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/index.php/az/article/38571
Elmir Heydərli
13:01 30.07.2025
Oxunuş sayı: 963