"Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" adlı fotomüsabiqə yekunlaşıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Azərbaycan Fotoqrafları Birliyi (AFB) ilə keçirdiyi "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" adlı beynəlxalq fotomüsabiqəyə yekun vurulub.
Crossmedia.az xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
Qeyd edilib ki, bu ilin aprel ayında elan edilən, 44 günlük Vətən müharibəsində və sonrakı bir günlük antiterror əməliyyatında rəşadətli ordumuzun qazandığı zəfərin nəticələrinə həsr olunan müsabiqəyə həvəskar və peşəkar fotoqraflar tərəfindən 400-dən çox fotoşəkil təqdim edilib.
Müsabiqənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, sosial-iqtisadi inkişafı, Böyük Qayıdışın ilkin mərhələsinin gedişini, bölgənin mədəni, tarixi və təbii irsinin yenidən dirçəldilməsini vizual formada nümayiş etdirməkdən ibarət olub.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Prezident İlham Əliyevin tapşırıqlarının və Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirildiyini bildirən komitə sədri peşəkar və həvəskar fotoqrafların Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı haqqında pozitiv mesajların yayılmasında fəal iştirakının təqdirəlayiq olduğunu deyib.
Münsiflər heyəti müsabiqəyə qatılan 40-dan çox iştirakçının elan olunmuş mövzulara və texniki parametrlərə uyğun gələn 44 fotosunu seçib. Bunların içərisindən 3 nəfər qalibə diplom və pul mükafatları, 20 nəfərə həvəsləndirici mükafatlar, digər iştirakçılara isə təşəkkürnamələr təqdim edilib. Müsabiqədə I yerə – İlham Mustafayev, II yerə – Rəsul Rəhimov, III yerə – Alp Ər-Tunqa Cabbarlı layiq görülüblər.
16:17 29.07.2025
Oxunuş sayı: 884