ABŞ Konqresinin bəzi üzvlərinin qərəzli münasibəti Azərbaycanın haqlı narazılığına səbəb olub - Deputat

Azərbaycanın aparıcı QHT-ləri ABŞ Dövlət katibi Marko Rubioya ünvanladıqları müraciətlə bir qrup konqresmenin Azərbaycan-Ermənistan münasibətləri və regiondakı sülh prosesi ilə bağlı qərəzli bəyanatlarına kəskin reaksiya veriblər. Müraciətdə bu çıxışların Cənubi Qafqazda sabitliyə təhlükə yaratdığı, Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırdığı və ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirməyə hesablandığı vurğulanır. QHT-lər Tramp administrasiyasının sülh təşəbbüslərini dəstəklədiklərini, lakin bəzi konqresmenlərin erməni lobbisinin təsiri altında regionda süni gərginlik yaratmaq cəhdlərini qətiyyətlə rədd etdiklərini bildirirlər.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva bu barədə Crossmedia.az-a açıqlama verib. O bildirib ki, Bayden-Blinken Administrasiyasının ermənipərəst dairələrinin “təlimatı” əsasında, Azərbaycan və Ermənistan arasında tarixi əhəmiyyətə malik olan sülh müqaviləsinin razılaşdırıldığı bir dövrdə ABŞ Konqresinin bəzi üzvləri tərəfindən ölkəmizə qarşı səsləndirilən birtərəfli və qeyri-obyektiv bəyanatlar Azərbaycan cəmiyyətində ciddi narahatlıq və haqlı narazılıq doğurur: “Buna görə də Azərbaycan QHT-ləri ABŞ Dövlət katibi Marko Rubiyoya ünvanladıqları açıq məktubda bu cür təxribatçı mövqelərə açıq şəkildə etirazlarını bildiriblər.
Bu konqresmenlər faktiki olaraq Donald Tramp dövründə başlanmış sülh təşəbbüslərinə qarşı fəaliyyət göstərirlər. Əvvəllər bu kimi anti-Azərbaycan, ermənipərəst təşəbbüslərlə çıxış edən və Prezident Trampın qatı tənqidçilərindən olan keçmiş senator Bob Menendez korrupsiya və rüşvətxorluğa görə məhkum olunub. Sözügedən müraciətin təşəbbüskarlarının Tramp administrasiyasının tənqidçilərindən olması bu müraciətin Bayden-Blinken Administrasiyasına bağlı erməni lobbisinin “pul maşını” əsasında yazıldığını ortaya qoyur”.
Deputat vurğuladı ki, bu konqresmenlər Ermənistanın işğalçılıq siyasətinə və Xocalı soyqırımı kimi faciələrə göz yummuş, indi də erməni lobbisinin təsiri ilə məsuliyyətsiz çağırışlar səsləndirməkdədirlər: “Bu şəxslərin, Azərbaycanın suveren əraziləri ilə bağlı verdiyi bəyanatlar ölkəmizdə ciddi ictimai qınaqla qarşılanmışdır. Eyni zamanda, Qərbi Azərbaycandan qovulmuş yüz minlərlə soydaşımızın qayıdış hüququnu tanımayan bu şəxslərin “insan haqları” adı altında birtərəfli bəyanatlar səsləndirməsi tamamilə qeyri-səmimi və selektiv yanaşmanın göstəricisidir.
Əbu-Dabidə keçirilmiş son görüşlərdə Azərbaycan və Ermənistan liderləri sülh müqaviləsinin mətni üzərində razılığa gəliblər. Bu, regionda uzunmüddətli sülhün bərqərar olunması üçün ciddi irəliləyişdir. Məhz belə bir şəraitdə bəzi ABŞ konqresmenlərinin təşəbbüsü ilə yayımlanan məktub, sülh prosesinə açıq şəkildə təxribat kimi qiymətləndirilməlidir.
Bu cür təşəbbüslər Vaşinqton-Bakı münasibətlərində yeni bir yüksəliş mərhələsinin başlanmasından narahat olan dairələrin planlı fəaliyyətidir. ABŞ-Azərbaycan münasibətlərində son günlərdə diqqətçəkən mühüm hadisələrdən biri ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin ABŞ-ın yeni administrasiyası ilə bağlı müsbət fikirlərinin və sülhə dair çıxışını öz rəsmi sosial şəbəkə platformasında paylaşması oldu. Bu addım, Tramp Administrasiyasının Azərbaycan Prezidentinə olan hörmətinin və isti münasibətinin bariz nümunəsi idi. Tramp administrasiyası bir neçə dəfə Cənubi Qafqaz regionunda sülhə və ədalətli mövqeyə dəstək olduğunu dilə gətirib. Prezident İlham Əliyev öz növbəsində cənab Trampa açıq şəkildə təşəkkürünü bildirərək bu dəstəyi yüksək qiymətləndirdiyini bəyan etdi. Bu, iki ölkə arasında səmimi və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin bariz nümunəsidir”.
Həmayıl
14:47 26.07.2025
Oxunuş sayı: 4056