FHN-in Həmkarlar İttifaqının II Hesabat-Seçki konfransı keçirilib

Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi bildirib. Tədbirdə Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinin müavini Musa Mirzəyev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin aparatının idarə rəisləri, qurumlarının və regional mərkəzlərinin rəhbərləri, sahə həmkarlar ittifaqı respublika komitələrinin sədrləri və nazirliyin aparatı və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrində keçirilmiş konfranslarda seçilmiş nümayəndələr iştirak ediblər.
Konfrans açıq elan edildikdən sonra Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəlik təsdiq olunduqdan sonra mandat, redaksiya və hesablayıcı komissiyaların tərkibi müəyyən olunaraq tədbirin gündəliyində duran ilk məsələ - FHN işçilərinin Həmkarlar İttifaqı sədrinin hesabat məruzəsi dinlənilib. İttifaqın sədrinin hesabat məruzəsi ilk olaraq ötən dövr ərzində həmkarlar ittifaqının fəaliyyətini əhatə edən videoçarx ilə başlanılıb və M. İsmayılovun çıxışı ilə davam etdirilib.
Sonra Həmkarlar İttifaqının Təftiş komissiyasının hesabatı dinlənilib. Konfrans məruzə ətrafında çıxışlarla davam edib. Çıxış edənlər FHN işçilərinin Həmkarlar İttifaqının sədrliyinə yenidən M. İsmayılovun namizədliyini irəli sürdüklərini təklif ediblər.
Konfransın Mandat komissiyasının hesabatı dinlənildikdən sonra ittifaqın rəhbər orqanlarının yeni tərkibinin və həmkarlar ittifaqı sədrinin seçilməsinin müzakirəsi başlanılıb. Konfrans iştirakçıları tərəfindən yekdilliklə namizədliyi irəli sürülən M. İsmayılov FHN işçilərinin Həmkarlar İttifaqının yenidən sədri seçilib.
Fövqəladə hallar nazirinin müavini T. Əmiraslanov çıxış edərək FHN işçilərinin Həmkarlar İttifaqının rəhbər orqanlarına seçilən bütün əməkdaşları təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. O, FHN işçilərinin Həmkarlar İttifaqının yarandığı gündən etibarən onlara göstərilən etimadı döğrultmağa çalışdığını, öz fəaliyyətini daim nazirliklə qarşılıqlı əməkdaşlıq əsasında qurduğunu deyib. Nazir müavini təşkilatın nazirlik işçilərinin sağlamlığı, ailə üzvləri ilə birlikdə istirahətinin, ailə vəziyyəti çətin olan işçilərə maddi yardımların verilməsinin təşkili ilə yanaşı, şəhid ailələrinə, müharibə veteranları və qazilərə diqqət və qayğı göstərilməsində yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Sonra çıxış edən AHİK-in sədrinin müavini M. Mirzəyev FHN işçilərinin Həmkarlar Ittifaqının ötən illərdəki fəaliyyətinə nəzər salıb, görülən işləri yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb. Daha sonra konfrans cari məslələrlə bağlı işini davam etdirib.
17:07 25.07.2025
Oxunuş sayı: 1038